BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin İğdır Aralık bələdiyyəsinin başqanı, AK Partinin fəal siyasilərindən olan Mustafa Güzelkayanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Xəbəri oktyabrın 27-də BAYRAQDAR MEDİA-ya MŞ-dan veriblər.
M.Güzelkaya ilə birlikdə nümayəndə heyətinin üzvləri Bahri Önal, Murat Ekinci, Metin Akkuş, Fatih Keklik, həmçinin türkiyəli qonaqları müşayiət edən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev də görüşdə iştirak edib.
MŞ-nı isə sədr Rəşad Məcidlə yanaşı İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli, Yeganə Hacıyeva və Aqil Ələsgər təmsil edib.
“Görüşdə Türkiyə və Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərindən söz açılıb. Mövcud xüsusda bildirilib ki, əgər Azərbaycanın müstəqilliyinin ilk 10 ilində media əlaqələri daha çox fərdi səciyyə daşıyırdısa, sonrakı mərhələdə ayrı-ayrı qurumlar arasında da təmaslar güclənib. MŞ sədri R.Məcid bu baxımdan qarşılıqlı jurnalist səfərlərinin reallaşdırılmasının, təcrübə mübadiləsinin genişlənməsinin əhəmiyyətindən söz açıb, məmnunluğunu ifadə edib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan və Türkiyə mediasının, jurnalist birliklərinin əməkdaşlığının mühüm tərəflərindən söz açılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.