Son yeniləmə: 26 Oktyabr 2022 11:33
Aqil Camal: İranın təlimləri Güneydəki milli hərəkatı daha da alovlandırdı
BAYRAQDAR MEDİA – “İranın Azərbaycanı təhdid məqsədilə keçirdiyi sonuncu hərbi təlimlər bu ölkədə daxili təbəddülatların baş verdiyi bir vaxta təsadüf etdi. Hazırda İranda genişlənən xalq etirazlarının avanqardını sayı 40 milyona yaxın olan Azərbaycan türkü təşkil edir. Bu baxımdan demək olar ki, rəsmi Tehranın Azərbaycanı təhdid xarakterli təlimlərinin bu dəfəki tarixi uğursuz seçilmişdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Türküstan Media Qrupu”nun baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal deyib.
A.Camal bildirib ki, hazırda İranda böyük etiraz hərəkatı gedir: “Artıq ikinci aydır davam edən hərəkatda Azərbaycan türklərinin iştirakı özünəməxsus dəst-xətti ilə seçilir. Onu da deyim ki, bu gün İranda az qala hər kəs öz davasını aparır. Kürdlərin ürəyi İraqdakı soydaşlarının yanında, ərəblər Ərəb dünyasına, bəluclar Pakistana, türklər isə Azərbaycana və Türkiyəyə bağlıdırlar. Aksiyalarda İranın dövlət bayrağı yandırılır. Çünki, toplumda ona sahib çıxan kəsim yoxdur. Farsların bir qismi Şahın bayrağını seçib, dindar kəsim isə İmam Hüseyn dedikləri bayrağa sarılıblar”.
Baş redaktorun sözlərinə görə, İran daxildə güclü gərginliyin olduğu bir vaxtda sərhəddə Azərbaycana təhdid xarakterli hərbi təlimlər keçirməklə Güney Azərbaycan türklərini daha da hiddətləndirdi: “Normalda İran Azərbaycanla daha yaxşı münasibətlərə can atmaqla öz daxilindəki azərbaycanlı vətəndaşların da könlünü ala bilərdi. Lakin rəsmi Tehran tamamilə əks mövqe tutdu. Araz çayı sahilində körpülü təlimlər, Qafanda konsulluq açılması, həyasız bəyanatlarla İran Güneyli-Quzeyli Azərbaycan xalqının qüruru ilə oynamaq istədi. Lakin bu, bumeranq effekti verdi. Çünki Azərbaycan Respublikası bütün azərbaycanlıların dövlətidir. Bu səbəbdən artıq Güney Azərbaycan şəhərlərində son günlər etirazlar daha da artıb”.