BAYRAQDAR MEDİA – Kanadanın Monreal şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 26-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya şəhərin mərkəzində yerləşən ViktoriyaMeydanı Parkında (Victoria Square Park) olub: “Aksiya zamanı şəhər sakinlərinin diqqəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumlarına, Azərbaycan torpaqlarında yaratdığı mina probleminə və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlara cəlb edilib. “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistan uşaqları öldürür!”, “Gəncə şəhəri üçün dua et!”, “Bərdə üçün dua et!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücumları dayandır!”kimi şüarların əks olunduğu fotomateriallar nümayiş etdirilib”.
Məlumata əsasən, Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər: “Aksiya ilə maraqlanan şəhər sakinlərinə bukletlər paylanılıb. Bukletlərdə Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətləri, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığı və ərazi bütövlüyünü bərpa etdiyi, Cənubi Qafqaz bölgəsində üzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyinə dair məlumatlar əks olunub.