BAYRAQDAR MEDİA – Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda olub. Səfər çərçivəsində nümayəndə heyəti Qori şəhərində “NATO prioritetləri və Cənubi Qafqaz – status-kvo və dəyişikliklər” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin “İkinci Qarabağ Müharibəsinin hərbi aspektləri” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.