Press "Enter" to skip to content

Maarifləndirici videoçarxlar nümayiş olunub

Son yeniləmə: 26 Oktyabr 2022 14:27

BAYRAQDAR MEDİAMədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi regionlarda maarifləndirici, intellektual və digər müxtəlif yönümlü layihələr həyata keçirməkdə davam edir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Siyəzən rayonunda yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə məqsədilə tədbirlər keçirilib: “Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Xaçmaz rayon Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” adlı seminar, Siyəzən rayonunda yerləşən “Su ovdanı” tarixi abidəsi ətrafında iməcilik işləri, “Şuşa İli”nə həsr olunmuş “Qarabağ mədəniyyətimizin incisidir” adlı intellektual oyun keçirilib”.

Bildirilib ki, seminar çərçivəsində Mərkəzin sifarişi ilə hazırlanan və narkomaniya ilə mübarizəyə həsr olunmuş “Dünya sənin varlığınla gözəldir” və davranış mədəniyyətinə dair hazırlanmış “Hər şey səndən başlayır” adlı videoçarxlar nümayiş etdirilib: “Eyni zamanda, bədii döymə üzrə sənətkar Zeydulla Ağayevin əl işlərindən, Ayşən Novruzova və İlahə Adıgözəlovanın rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdən sonra “Su ovdanı” tarixi abidəsi ətrafında könüllülərin iştirakı ilə iməcilik işləri aparılıb. Məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Ölkə ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edək ki, iməcilikdə Siyəzən rayon sakinləri də fəallıqla iştirak edib”.

Qeyd edilib ki, “Qarabağ mədəniyyətimizin incisidir” adlı intellektual oyunu çərçivəsində qalib komanda Mərkəz tərəfindən sertifikat və mədəni irsimizi təbliğ edən xatirə hədiyyələri ilə təltif olunub: “İntellektual yarışlar və digər maarifləndirici tədbirlərin məqsədi mədəniyyət işçilərinin səriştələrinin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə, habelə peşə bacarıqlarının, dünyagörüşünün, yoldaşlıq münasibətlərinin və komanda ruhunun inkişaf etdirilməsidir”.

Mission News Theme by Compete Themes.