Son yeniləmə: 26 Oktyabr 2022 10:43
Baş Prokurorluq tərəfindən media və QHT təmsilçiləri üçün treninq təşkil edilib
BAYRAQDAR MEDİA – Cinayətkarlıqla mübarizə sahəsində prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatlarının işgüzar əlaqələrinin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Həm bu, həm də məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi, istintaq sirri təşkil edən məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədi ilə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər görülür.
Qurum tərəfindən təşkil edilən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda iki günlük treninq də bu istiqamətdə atılmış növbəti addımdır.
Treninqin oktyabrın 25-də keçirilən ilk günü maraqlı məruzə və müzakirələrlə yadda qalıb.
Bildirilib ki, medianın bütün növ qrupları (televiziya, radio, çap mediası, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsinin iştirak etdiyi treninq proqramı Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzi tərəfindən hazırlanıb.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən treninqin ilk günü brifinq formatında çıxış edən Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Bundan başqa Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycanın informasiya sahəsində milli maraqları, bu sahədə olan təhdidlər və media” mövzusunda çıxış edib.
Treninqin birinci günü dəyirmi masa formatında keçirilmiş görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimov “İctimai nəzarət: Vətəndaş cəmiyyəti və dövlət orqanlarının əməkdaşlığı” və Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Sosial media və media savadlılığı” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunan treninq üzrə maarifləndirici tədbirlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təyinatına uyğun (brifinq, çıxış, təqdimat, dəyirmi masa və sair) auditoriyalarında oktyabrın 26-da da davam etdiriləcəkdir.
Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
[…] İlk gün maraqlı məruzə və müzakirələrlə yadda qalıb […]