Press "Enter" to skip to content

Moldovada beynəlxalq tədbir

Moldovadakı tədbir zamanı

Son yeniləmə: 25 Oktyabr 2022 14:46

BAYRAQDAR MEDİA – Moldovanın paytaxtı Kişineu şəhərində “Şərq Tərəfdaşlığında elektron idarəetmə və rəqəmsallaşma” və “Şərq Tərəfdaşlığında dövlət xidmətlərinin təkmilləşdirilməsi” mövzuları üzrə görüşlər keçirilib. Görüşlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Moldova Respublikasının Elektron Hökumət Agentliyinin birgə təşkilatçılığı ilə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, agentliyin nümayəndə heyəti müvafiq sahə üzrə görüşlərin keçirilməsi, danışıqların aparılması və Dövlət Agentliyinin həmin sahədə qabaqcıl təcrübəsini paylaşmaq məqsədilə tədbirdə iştirak edib: “Görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanın müvafiq qurumlarının 30-dan çox nümayəndəsi iştirak edib. Bundan başqa, görüşdə iştirakçılar dövlət idarəçiliyində islahatlar sahəsində Şərq Tərəfdaşlığı ölkələrində elektron idarəçiliyin və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının, qabaqcıl təcrübələrin paylaşılmasının və davamlı olaraq görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Görüşlər zamanı iştirakçılara Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə ətraflı məlumat verilib”.

Qeyd edilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə 57 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Görüş çərçivəsində müxtəlif ölkələrdən “ASAN xidmət”in təcrübəsini öyrənmək məqsədilə səfərlərin təşkil olunması və gələcək əməkdaşlıq üçün xəritənin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Mission News Theme by Compete Themes.