Fuad Nağıyev: Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır
BAYRAQDAR MEDİA – “Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki Milli Kulinariya Mərkəzi bu günə qədər milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüb”.
Bunu oktyabrın 24-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır: “Məqsəd turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılmasıdır”.
Bakıda keçirilən Milli Kulinariya Konqresindəki çıxışında F.Nağıyev onu da bildirib ki, Milli Kulinariya Mərkəzinin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb edib onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğatı artırmaq, milli mətbəx irsinin tədqiqini, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir.
Bildirilib ki, Azərbaycana gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsulları var: “Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir”.
F.Nağıyev əlavə edib ki, Azərbaycanın təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə ölkənin milli kulinariyası, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur.