Son yeniləmə: 24 Oktyabr 2022 11:21
Dr. Yücel Karauz: İranı ağlını başına toplamağa, tərəfini doğru seçməyə, haqqın, hüququn yanında olmağa dəvət edirik
BAYRAQDAR MEDİA – “İran ağlını başına toplamalı, tərəfini doğru seçməlidir. Bu ölkə keçmişdən bu günə kimi etdiyi yanlış addımlardan nəhayət ki, əl çəkməlidir”.
Bunu İranın son təxribatçı addımlarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
İran hələ də Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir
Onun sözlərinə görə, İran hələ də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini həzm edə bilmir: “28 il ərzində Azərbaycan torpaqları, o cümlədən Azərbaycan-İran sərhədi işğal altında olarkən, azərbaycanlılara qarşı Xocalıda soyqırımı törədilərkən bu cinayətlərə qarşı səsini çıxarmayan, əksinə, bu müddət ərzində Ermənistana hər cür dəstək verən, Vətən müharibəsi zamanı işğalçı Ermənistana xaricdən göndərilən silah-sursatın öz torpaqlarından keçməsinə şərait yaradan İran müharibədən sonra da Ermənistan yanlısı siyasət yürüdür. Bu azmış kimi İran davamlı olaraq Azərbaycana qarşı hədələyici, təxribatçı addımlar atır, bu ölkənin rəsmiləri, müvafiq qurumlarının təmsilçilərinin dilindən bölgədə əbədi sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin açılmasına qarşı həddini aşan bəyanat və açıqlamalar səsləndirilir”.
Türkiyəli general deyib ki, İranın bu hərəkətləri artıq insanların səbrini tükəndirir: “Son olaraq isə Zəngilan Hava Limanının açılışı günlərində İran xarici işlər nazirinin qaçaraq Ermənistana səfər etməsi, bu ölkənin Zəngəzur bölgəsində, Qafanda tez-tələsik konsulluq açması İranın hələ də ağlını başına yığmadığını ortaya qoydu”.
Bu, İran üçün sonun başlanğıcı ola bilər
Hadisələrin bundan sonra necə inkişaf edə biləcəyi sualına gəlincə, Dr. Yücel Karauz deyib ki, İran Azərbaycana qarşı sərgilədiyi mövqeni, gərginliyi hərbi qarşıdurma məcrasına yönəldə bilməz: “Çünki mövcud durumda İran ciddi problemlərlə baş-başadır. Çünki İran, əslində, hazırda Yəmən, Suriya, İraqda öz aləminə görə mübarizə aparır. Belə bir halda İran müzəffər Azərbaycan dövləti və ordusu ilə hərbi qarşıdurmaya girməz. Əgər belə bir yola baş vurarsa, o zaman bu, İran üçün sonun başlanğıcı ola bilər”.
Türkiyəli general deyib ki, İran Azərbaycana qarşı tək bir mərmi atacağı təqdirdə ilk növbədə bu ölkənin ərazi bütövlüyü təhlükə altına düşər: “Yəni əgər İran belə ağılsız, çılğın addım atarsa, o zaman ilk növbədə bu ölkənin ərazi bütövlüyü sual altına düşəcək. Biz təbii ki, İranın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Beynəlxalq hüquqdan irəli gələn haqlarına da sayğı ilə yanaşırıq. Amma bir daha deyirəm ki, İranı ağlını başına toplamağa, tərəfini doğru seçməyə, haqqın, hüququn yanıda olmağa dəvət edirik. Əks təqdirə İran sonunu təxmin edə bilmədiyi problemlərlə qarşlaşa bilər”.
İran Azərbaycana qarşı edəcəyi hər hərəkətə görə qarşısında Türkiyəni görəcək
“İran bir də bunu anlamalıdır ki, Azərbaycan yalqız deyil. İran Azərbaycana qarşı edəcəyi hər hərəkətə görə qarşısında Türkiyəni görəcəyini bilməlidir. İran təmsilçilərinə onu da xatırlatmaq istəyirəm ki, hansısa məzhəbə, yaxud milli kimliyə malik olmaq o demək deyil ki, sən qarşı tərəfə istədiyini diqtə edəsən. Bu, dostluq prinsiplərinə ziddir. Dost yaxşı gündə də, pis gündə də sənin yanında olandır. Biz İranı Türkiyənin və Azərbaycanın dostu olaraq görmək istəyirik. Lakin o seçimini Türkiyənin və Azərbaycanın düşmənlərindən yana edirsə, o zaman İranı dost hesab edə bilmərik”, – deyə müsahibimiz sonda əlavə edib.