Press "Enter" to skip to content

Güney Azərbaycan Cümhuriyyətinin qurulması şərt oldu

Azər Həsrət

Son yeniləmə: 24 Oktyabr 2022 12:55

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası bütün qonşu dövlətlərlə dinc yanaşı yaşamaq siyasəti yürüdür. Bu da səbəbsiz deyil. Belə yanaşma Azərbaycanın təcavüzkarlıqdan uzaq olmasından irəli gəlir. Yəni Azərbaycan Respublikası hesab edir ki, bütün dövlətlərlə yaxşı münasibətlər vacibdir və heç bir halda dövlətlər bir-birinin daxili işlərinə qarışmamalı, ərazi bütövlüyünə və müstəqil xarici siyasətinə hörmət etməlidir.

Amma görünən odur ki, Azərbaycanın bəzi qonşuları bu xoş məramı yetərincə mənimsəyə bilmir və yeri gəldi-gəlmədi Azərbaycan Respublikasına qarşı hay-küy salırlar.

Belə dövlətlərdən biri və hətta birincisi Güney qonşumuz İran İslam Respublikasıdır. Bu dövlət islam dini arxasında gizlənərək bir müsəlman ölkəsi olan Azərbaycan Respublikasına qarşı açıq-aşkar düşmən siyasəti yürüdür. İş o həddə çatıb ki, İran müsəlmanların ən qatı düşməni olan Ermənistana qucaq açmaqla hətta öz vətəndaşları olan Güney Azərbaycan türklərini də ayağa verir. Yəni bir dövlətin, hər şey bir yana, öz vətəndaşlarını belə düşünmədən düşmənə qucaq açması tarixdə bənzəri olmayan özünə hörmətsizliyin zirvəsidir. Dünyanın ən zay dövlətləri belə öz vətəndaşlarını bir yana buraxıb onlara açıq düşmən münasibətdə olanlara qucaq açmır ki, İran bunu edir. Özü də söhbət 10 milyonlarla vətəndaşdan gedir.

İran əsarəti altında olan aşağı-yuxarı 40 milyon Azərbaycan türkü – Güney Azərbaycanlı bu aşağılayıcı münasibətə nəhayət ki, son verməlidir. Necə ki, 31 il öncə Azərbaycan Respublikasının vətəndaşları SSRİ-Rusiya istismarından birdəfəlik qurtularaq hazırda inkişafıyla diqqət çəkən bir dövlət qurdular, Güney Azərbaycanlılar da artıq vaxt itirməməlidirlər.

Hadisələrin gedişi, İranda illərdir davam edən çürük rejimin metastaz verməsi bu ölkənin bundan sonra belə davam edə bilməyəcəyinin xəbərçisidir. Mümkündür ki, dünyanın böyük gücləri İranla bağlı bizim üçün daha zərərli planları gerçəkləşdirsin. Bu isə nəticə etibarı ilə Güney Azərbaycan türklərinin yağışdan çıxıb yağmura düşməsinə səbəb olardı. Ona görə də Güneyli qardaş-bacılarımızın heç nəyə baxmadan hərəkətə keçib özlərini xilas etməsi şərtdir. Əks təqdirdə çox qanlar axacaq, insanlar öldürüləcək, əsarət daha da irəli gedəcək.

Demək istədiyimiz odur ki, Güney Azərbaycan orta əsr təfəkkürlü fars-molla rejimi ilə yollarını rəsmən ayırmalıdır. Təbriz mərkəzli Güney Azərbaycan Cümhuriyyətini elan edib dövlət kimi dünya səhnəsinə çıxmağın vaxtıdır.

Yeri gəlmişkən, Güney Azərbaycan Cümhuriyyəti təklifimizi hələ 2011-ci ildə də dilə gətirmiş və ictimailəşdirmişdik. Əlbəttə, bu təklifi irəli sürənlər arasında nə ilk deyilik, nə də son olmayacağıq. Amma istənilən halda əgər illərdir belə bir zərurət haqqında danışırıqsa, demək ki, bir bildiyimiz var. O baxımdan Güneyli qardaşlarımızın daha hərəkətli olmasının vaxtının çatdığını düşünürük.

http://www.azerhasret.com/?p=2243

Bəli, Güney Azərbaycan Cümhuriyyəti qurulmalıdır. Bu, Güneylı qardaşlarımızın hazırkı şəraitdə tək qurtuluş yoludur. Bıçaq sümüyə dirənib, dinc insanlar, hətta azyaşlılar belə öldürülür. İnsan haqları adına heç nəyin tanınmadığı Güney Azərbaycanda insanlara hətta heyvandan da aşağı münasibət bəslənilir. Əslinə qalanda bu, bir soyqırım işartısıdır. Belə anlaşılır ki, İranı idarə edən klerikal fars rejimi Azərbaycanlılar və digər türklərdən birdəfəlik yaxa qurtarmaq üçün onları ümumiyyətlə yox etmək yolunu tutub. İndi 40 milyonluq Azərbaycan türkü, eləcə də milyonlarla digər türk İranın bu siyasətini sakitcə qarşılamalıdırmı? Əsla!

İranda son yüz ildə baş verənlər dəfələrlə sübut edib ki, bu ölkədə bir ovuc erməniyə milyonlarla türkdən daha yaxşı münasibət var. Hətta onların bütün hüquqları gərək olduğundan da artıq tanındığı halda, milyonlarla Güney Azərbaycan türkünün ana dilində bir məktəb açması belə yasaqdır! Belə bir durumda Güneylilər özlərinə qarşı bu heyvani münasibətə dözməyə davam etməlidirlərmi? Bizə görə, əsla!

Çıxış yolu Güney Azərbaycan Cümhuriyyətidir. Tarixi böyük Azərbaycan torpaqlarında – Araz çayından Güneydə, bir daha deyirik, mərkəzi Təbriz olmaqla Güney Azərbaycan Cümhuriyyətini elan etməyin vaxtıdır. Güneydə bu təcrübə olub. Yalnız Sovet İttifaqının xəyanəti nəticəsində qurulmuş dövlətlər yenidən İran rejimlərinə təslim edilib. İndi isə Sovetlər yoxdur, müstəqil Azərbaycan Respublikası var. Yəni Güneydə qurulacaq dövləti yenidən farslara təslim edəcək SSRİ yoxdur.

Güneyli qardaş-bacılar. Bu imkanı əldən buraxmayın. Biz Azərbaycanlılar müstəqil dövlətə sahib olanda daha ləyaqətli həyat yaşayır, daha sürətlə inkişaf edib özümüzə sahib dururuq. Nə qədər ki, başqa xalqların istilası altında oluruq, inkişafdan qalıb cəhalət girdabına yuvarlanırıq. Hazırda İranda olduğu kimi. Ona görə də layiq olduğumuz normal insan cəmiyyətinin yer aldığı müstəqil dövlətimiz olmalıdır. Bu baxımdan Azərbaycan Respublikası müstəqillik hesabına nələrə nail ola biləcəyimizi bütün dünyaya göstərib. Elə isə Güney Azərbaycan Cümhuriyyətini quraraq Güneyli soydaşlarımızın da nəyə qadir olduğumuzu göstərməsinin vaxtı çatıb. Bir daha deyirik, Güneylilər bundan sonra yalnız müstəqil dövlətdə yaşamalı, qurub-yaratmalıdır. İran dövlətinin vətəndaşı olaraq qalmaq artıq mümkünsüz hala gəlmişdir.

Sonda: Yeri gəlmişkən, İranın hətta Azərbaycan Respublikasına qarşı məkrli planları haqqında xəbərlər gəlir. Ən dəhşətlisi isə budur ki, bu işdə Güney Azərbaycanlılardan istifadə edərək qardaşı qardaşa düşmən etmək istəyirlər.

İran Azərbaycana qarşı növbəti məkrli addımlar ata bilər

Mission News Theme by Compete Themes.