Son yeniləmə: 24 Oktyabr 2022 16:57
BAYRAQDAR MEDİA – Fransa paytaxtında yerləşən Ecole Normale de Musique de Paris (ENMP) konservatoriyasının məşhur “Salle Cortot”konsert zalında beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Vurğun Vəkilovun konserti keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, konsert zamanı istedadlı pianoçu Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarları Qara Qarayevin və Modest Musorqskinin əsərlərini ifa edi: “Bakıda anadan olan 23 yaşlı Vurğun Vəkilov Ecole Normale de Musique de Paris Konservatoriyasının məzunudur. Fransanın İncəsənət və Ədəbiyyat ordeninin sahibi, professor Rəna Şereşevskaya-Mustafabəylinin sinfində təhsil alıb.Prezident təqaüdçüsü olan Vurğun Vəkilovun adı 2009-cu ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. İstedadlı pianoçu Azərbaycanın görkəmli şairi Səməd Vurğunun (Vəkilov) nəticəsidir”.
Məlumatda o da qeyd edilib ki, Ecole Normale de Musique de Paris ali məktəbi 6 oktyabr 1919-cu ildə fransız pianoçusu Alfred Korto və “Le Monde” musiqi jurnalının direktoru Oqüst Manjo tərəfindən özəl müəssisə kimi təsis edilib: “1929-cu ildə məktəbin 500 yerlik konsert zalı tikilib. Bu zal məktəbin yaradıcısının şərəfinə “Salle Cortot” adlandırılıb. Bu konsert zalında hər il 160-dan çox konsert və musiqi tədbirləri təşkil edilir, məşhur musiqiçilərin iştirakı ilə ustad dərsləri keçirilir”.