“AzerGold”da qazaxıstanlı qonaqlarla görüş keçirilib
BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu xatırladan Z.İbrahimov əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 24-də “AzerGold” QSC-dən məlumat verilib.
Bildirilib ki, Z.İbrahimov 2017-ci ildə hasilat işlərinə “Çovdar” qızıl mədənindən başlayan Səhmdar Cəmiyyətin bu illər ərzində paralel olaraq yeni əlvan və qara metal filizi yataqlarının istismara hazırlanması istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib: “Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlarqrupuna aid olan “Ağyoxuş 1”, o cümlədən “Mərəh” qızıl yatağının istismarına nail olduğunu xüsusilə qeyd edən Z.İbrahimov icra edilən qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıldığını, 2025-ci ildən etibarən isə əlvan metal yataqları üzrə də asılılığın aradan qaldırmasının hədəf olaraq müəyyən edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Z.İbrahimov qazaxıstanlı heyətə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib: “Həmin ərazidə daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb. Bölgənin minalardan, eləcə də partlamamış hərbi sursatlardan tam olaraq təmizləndikdən sonra daha geniş miqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacağı vurğulanıb”.
Öz növbəsində Serikkali Berekeşefi hər iki ölkənin dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd edib: “O, ölkəsinin mineral xammal ehtiyatlarına görə dünya liderlərindən biri olduğunu diqqətə çatdırıb. Qazaxıstanlı nazir Sovet dövrünə aid geoloji məlumatların rəqəmsallaşdırılmasını özündə ehtiva edən və yerin təkindən istifadə üzrə bütün mövcud informasiya sistemlərini birləşdirən vahid “Kaznedra” platformasının yaradılması prosesi barədə məlumat verib. Onun sözlərinə görə, yeni platforma investorların Qazaxıstanda geoloji məlumatlar və interaktiv xəritələrə onlayn girişini təmin edəcək”.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
S.Berekeşefi görüşün davamında “AzerGold” QSC-nin və Qazaxıstan şirkətlərinin timsalında yeni mədənlərə qarşılıqlı investisiya qoyuluşu, həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivləri istiqamətində bir sıra təkliflərlə çıxış edib. Daha sonra birgə fəaliyyət və təcrübə mübadiləsi təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub.