Son yeniləmə: 24 Oktyabr 2022 16:21
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində (DİM) “Dəyər axını xəritəsinin yaradılması – prosesin təkmilləşdirilməsi” mövzusunda seminar təşkil olunub.
Bu barədə oktyabrın 24-də DİM-dən məlumat verilib.
Qeyd edilib ki, seminarın spikeri biznes proseslərinin təhlili üzrə mütəxəssis Robertas Serenas DİM-in müvafiq struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarda iş prosesinin səmərəliliyinin artırılması üzrə bir sıra biznes yanaşmalarına dair müzakirələr aparıb: “Seminar, layihə çərçivəsində “Dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsində səriştəyə əsaslanan yanaşmanın hüquqi və institusional çərçivəsinin gücləndirilməsi” fəaliyyətinin həyata keçirilməsi istiqamətində təşkil edilən ilk praktiki tədbirdir”.
Məlumata əsasən, seminarın ilk günü nəzəri xarakter daşıyıb. Həmin gün “Lean and Six Sigma” (Qənaət və 6 siqma) idarəetmə metodu, proseslərin yetkinlik səviyyəsi, dəyər axını xəritəsinin yaradılmasının məqsədi; proseslərin təsviri, təsdiqi və iştirakçıları, prosesin vizuallaşdırılması (BPMN standartı), “As Is” (“Olduğu kimi”) proses xəritəsi (blok-sxem) kimi məsələləri əhatə edən ətraflı təqdimat nümayiş olunub.
Tədbirin növbəti günü praktik məşğələ ilə davam edib: “Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin dəyər axını xəritəsinin yaradılması, yaradılmış əlavə dəyərin və yaradılmamış əlavə dəyərin təhlili, mükəmməl prosesin prinsipləri, prosesin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və onların prioritetləşdirilməsi üzrə qrup işi keçirilib. Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemindəki islahata dəstək” 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır”.