BAYRAQDAR MEDİA – Azərbaycan məktəbliləri ilk dəfə “EGOI 2022” – Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub.
Təhsil İnstitutundan verilən məlumata görə, sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 1 bürünc medal qazanıblar: “Azərbaycanın Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıblar”.
Bildirilib ki, bu olimpiadanın məqsədi həm informatika fənninə qarşı qızların marağının artırılması, həm də İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir: “2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 12 gümüş, 26 bürünc olmaqla, ümumilikdə 40 medal qazanıblar”.