Son yeniləmə: 24 Oktyabr 2022 14:38
Məcid Cavadi: Bir Güney Azərbaycanlı olaraq bu çıxışa görə cənab Prezident İlham Əliyevə minnətdarlıq edirəm
BAYRAQDAR MEDİA – “İran Azərbaycan Respublikasının müstəqilliyinə, əldə etdiyi uğurlara hər zaman qısqanc yanaşma sərgiləyib. İran hər zaman Azərbaycana qarşı düşmən kimi davranıb. Ona görə də 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinə qarşı səsini çıxarmayıb, əksinə, bütün gücü ilə bu işğalçı ölkəyə dəstək verib. İran bu düşmən mövqeyini 44 günlük Vətən müharibəsi günlərində də sərgilədi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
İran Azərbaycana qarşı düşmən münasibət sərgiləyir
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra da İran Azərbaycana qarşı birmənalı şəkildə düşmən münasibət sərgiləyir: “Bu cür davranış son günlər daha da şiddətlənib, hətta kulminasiya nöqtəsinə çatıb. Uzun illər Azərbaycan-İran sərhədinin işğal atında qalmasına göz yuman, buna görə Ermənistana bir kəlmə belə deməyən rəsmi Tehran bu gün nədənsə Araz sahillərində hərbi təlimlər keçirir. Özü də bu təlimlərin hər addımı demək olar ki, Quzey Azərbaycana qarşı təzyiq, hədə xarakteri daşıyır. Onu da deyim ki, bu təlimlər xüsusilə SEPAH qüvvələri tərəfindən keçirilir. Demək olar ki, İran ordusunun bu təlimlərdə payı yox idi”.
Müsahibimiz qeyd edib ki, təlimlərdə SEPAH-a üstünlük verilməsinin digər bir səbəbi də var: “Bu da İran ordusu daxilindəki vətənpərvər azərbaycanlı əsgər və zabitlərlə bağlı idi. Yəni fars-molla rejimi bu əsgər və zabitlərə etibar etmir. Eyni zamanda SEPAH-a bağlı olan media açıq şəkildə bəyan etdi ki, İran Quzey Azərbaycanı işğal etməlidir. Ümumilikdə İranın bu təlimlərinin arxasında bir sıra məqsədlər dayanır. Lakin nəticə etibarı ilə bu təlimlər birbaşa Güney Azərbaycana qarşı da yönəlib”.
Prezident İlham Əliyevin fikirləri xüsusi önəm kəsb edir
M.Cavadi bu əsnada Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən səsləndirdiyi fikirlərin də xüsusi önəm kəsb etdiyini bildirib: “Prezident bəyan etdi ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla qan qardaşlarımızı dəstəkləyəcəyik. Cənab Prezident dedi ki, təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Bu heç də başqa ölkənin daxili işlərinə qarışmaq demək deyil
“Hesab edirəm ki, bu olduqca təbii və vacib bir məsələdir. Bəlli olduğu kimi, bu gün insan haqları artıq heç bir ölkənin daxili məsələsi deyil, qlobal, ümumdünya məsələsi kimi diqqət mərkəzindədir. Əgər bu gün İran dövləti bu və digər səbəblərə görə sadəcə Güney Azərbaycanlıların hüquqlarını pozursa, düşünürəm ki, Azərbaycan dövlətinin və dövlət başçısının təbii haqqıdır ki, bununla bağlı mövqeyini bildirsin. Bu heç də başqa ölkənin daxili işlərinə qarışmaq demək deyil. Bu, birincisi beynəlxalq insan haqları məsələsidir. İkincisi isə bu gün dünyadakı bütün dövlətlər təkcə öz daxillərində deyil, xaricdə yaşayan soydaşlarının da hüquqlarını müdafiə edirlər. Bununla bağlı dünyada çoxsaylı nümunələr var. Bu baxımdan Azərbaycan dövlət başçısının sözügedən çıxışını çox önəmli və yerində hesab edirəm. Artıq həm İran, həm də dünya Azərbaycanın bölünmüş vətən, azərbaycanlıların bölünmüş xalq olduğu reallığını qəbul etməlidir. Azərbaycan dövləti də bu yöndə davamlı addımlar atmalıdır. Şəxsən bir Güney Azərbaycanlı olaraq bu çıxışa görə cənab Prezident İlham Əliyevə minnətdarlıq edirəm”, – deyə M.Cavadi sonda bildirib.