“AKINCI” kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib
BAYRAQDAR MEDİA – Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, buraxılış mərasimi Türkiyənin Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycanın Türkiyədəki sfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Apparatının əməkdaşlarının iştirakı ilə keçirilib.
Kursun məzunlarına öz səmimi arzularını çatdıran S.Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.
Səfir R.Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan Bayraktar Silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib.
Səfir kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.
Öz növbəsində “BAYKAR Technology” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, ümumilikdə 110 nəfər kursant məzun olub.
Məlumata əsasən, kurslar pilot, faydalı yük operatoru, mexanik/mühərrik texniki, elektron/yer idarəetmə stansiyasının operatoru və silah operatoru ixtisasları üzrə keçirilib.