Press "Enter" to skip to content

Onlarda da bizdəki kimi rus dili problemi var…

Azər Həsrət

Son yeniləmə: 21 Oktyabr 2022 10:25

BAYRAQDAR MEDİA – Bu gün – oktyabrın 21-də qardaş Özbəkistanda Özbək Dili Bayramı qeyd edilir. Bu münasibətlə Prezident Şavkat Mirziyoyev xalqa təbrik müraciəti ünvanlayıb.

Prezidentin təbrikində özbək dilinin türk dilləri ailəsindəki yeri, onun qədimliyi və zənginliyinə diqqət çəkilir. Dövlət başçısı dünya üzündəki 50 milyonluq özbək əhalinin ümumi dili olan özbəkcəni qorumaq və yaşatmaq üçün çağırış edir.

Özbək Dili Bayramı mübarək olsun!
Özbək Dili Bayramı mübarək olsun!

Qardaş ölkədə özbək dili dövlət dili olsa da heç də hər şeyin yolunda olduğunu deyə bilmərik. Burada da Azərbaycanda olduğu kimi işğalçı Rusiyanın 200 ildir zorla yeritdiyi rus dili bir çox hallarda öz hakimliyini qoruyur. Düzdür, Özbəkistanda da rus dilinin Azərbaycandakı kimi hər hansı rəsmi statusu yoxdur. Lakin o dildən hətta bir sıra hallarda rəsmi dil kimi istifadə edə bilmək hüququ tanınır. Örnək üçün, bir vətəndaş gedib notariusda rusca ünsiyyət qurar və sənədlər tələb edərsə, ona o dildə də cavab verilməli, sənədləri o dildə hazırlanmalıdır. Bu isə o deməkdir ki, rusca bu ölkədə hələ də rəsmi olaraq yaşayır.

Ümumiyyətlə isə qardaş ölkədə rus dili hələ də problem olaraq qalır. Bəli, məhz problem. Çünki yeni nəsil özbəklər öz uşaqlarını getdikcə daha çox rus məktəblərində oxutmağa meyllənir. Bu isə özbəkcənin sıxışdırılması hesabına başa gəlir. Təbii ki, özbəkcədən uzaqlaşan özbək balaları böyüyəndə Özbəkistana deyil, Rusiyaya bağlı olacaq, yaxud da ümumiyyətlə doğma Vətəndən qopacaqlar. Belə bir durum siyasət adamlarını da narahat edir və onlar zaman-zaman həyəcan təbili çalır.

“Biz tam 100 ildir ki, rus vətəndaşlarımıza özbək dilini öyrədə bilmirik. Əksinə, özbəklər arasında uşaqlarını rus dilində təhsilə yönəltmə halları adətə çevrilib. Daşkənddə təhsilin özbəkcə olmadığı məktəblərin sayı artıb. Təəssüf ki, belə məktəblərin şagirdlərinin 90 faizini özbəklər təşkil edir.”

Bu sözlər Özbəkistan Milli Tiklaniş Partiyasının sədri, parlament sədrinin müavini Alişir Qadirova aiddir. O, Özbəkistanda rus imperializminin qalığı olan ruscanın getdikcə daha da yayğınlaşması, özəlliklə də özbəklər arasında aparılan təbliğatdan narahat olaraq belə fikirlər səsləndirməli olub.

Son illərin statistikası göstərir ki, Özbəkistanda şagirdlərin ümumi nisbətinin 10 faizi rus dilində təhsil alır. Bu isə 34 milyonluq əhalisi olan ölkə üçün olduqca böyük və qorxuducu rəqəmdir. Ölkədə cəmi 800 min rus əhali olduğu halda bu qədər uşağın rus məktəbinə üz tutması yetişməkdə olan nəslin köklərindən qoparılması deməkdir.

Rus dilində təhsil alan uşaqların faizini gerçək rəqəmə çevirəndə isə durumun doğrudan da fəlakət həddində olduğu görünür. 35 milyon 873 min (21 oktyabr 2022) əhalisi olan Özbəkistanın ümumi təhsil müəssisələrində yuvarlaq rəqəmlə 6,3 milyon uşaq təhsil alır. Onların 10 faizi – rusca təhsil alanların sayı da uyğun olaraq 630 min rəqəmi deməkdir. Yəni rus əhalinin məktəbə verə biləcəyi şagird sayından ən azı 4 dəfə çox! Bu baxımdan A.Qadirovun narahatlığı başadüşüləndir. Çünki doğrudan da rus məktəblərində oxuyanların böyük çoxluğu özbək balalarıdır. Özü də o özbək balaları ki, onların ailələrində rusca kəlmə kəsməyi belə bilmirlər. Çox vaxt da bu uşaqlar şəhər mərkəzlərindən uzaqda yerləşən qışlaqlardan gəlmiş olur.

Bəs rus məktəblərinə bu qədər marağın olmasının səbəbi nədir? Bizdəki kimidir durum orda da. Təbliğat aparılır ki, rusca oxumaqla dünyaya çıxmaq olar. Guya rus məktəbləri daha yaxşı təhsil verir. Guya rusca oxuyanların qarşısında dünyanın hər tərəfində qapılar taybatay açılır.

Təəssüf ki, bu təbliğat sadə özbəkləri köklərindən uzaqlaşdırmaqda işə yarayır və onlar uşaqlarını yad bir dildə – rusca oxutmaqla özlərinə zərər edirlər.

Ruscanın Özbəkistanda daha da geniş yayılmasına həm də bu ölkədəki Rusiya səfirliyi, eyni zamanda Azərbaycanda da bənzəri olan Rus Evi səbəb olur. Onlar ölkədə açıq təbliğat apararaq özbək balalarının rusca təhsilini təşviq edirlər. Ardından da onların Rusiya ali məktəblərində təhsili üçün imkanlar təklif edirlər. Beləliklə də özbəkləri özlərindən qoparıb Rusiyaya bağlayırlar…

Girişdə qeyd etdiyimiz kimi, bu gün Özbəkistanda Özbək Dili Bayramıdır. Qardaş ölkənin bu xoş günündə biz də bəzi fikirlərimizi paylaşmağı, özəlliklə də özbək kimliyini qorumaq üçün çalışanlarla həmrəy olduğumuzu dilə gətirməyi vacib sandıq. Düşünürük ki, rus ekspansiyasından tək-tək deyil, birgə səylərlə qurtulmaq lazımdır. Azərbaycan qardaş Özbəkistan və digər türk dövlətləri ilə birlikdə bu məsələdə daha qətiyyətli olmalı və biz hamımız öz köklərimizə – türk kimliyimizə bağlı qalmalıyıq.

Uzun illər Rusiyanın işğalı altında qalmış xalqlar olaraq biz türklər yalnız istismar edilmişik. İndi isə müstəqil dövlətlər qurmuşuq, amma Rusiya yenə də əl çəkmir, çəkmək istəmir. Öz işğalçı siyasətini məktəblər vasitəsilə davam etdirir. Diqqətli olaq…

Mission News Theme by Compete Themes.