Press "Enter" to skip to content

İran Azərbaycana qarşı növbəti məkrli addımlar ata bilər

Savaş Mərəndli

Son yeniləmə: 21 Oktyabr 2022 11:18

Savaş Mərəndli: İranın yeni fitnəsinə Güneyli-Quzeyli birlikdə “YOX” deyək!

BAYRAQDAR MEDİA – “İran fars işğal rejiminin fobiyası Azərbaycandır. Bunu demək istəyirəm ki, Azərbaycanın bir qarış torpağının belə müstəqil olması İranı ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən SSRİ-nin dağılması və Azərbaycan Respublikasının istiqlalından sonra İran bütün gücü ilə onu zəyiflətməyə, yox etməyə çalışdı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.

Onun sözlərinə görə, məhz buna görə də İran işğalçı Ermənistana son anına qədər dəstək oldu: “Lakin Azərbaycanın qələbəsindən sonra, həmçinin Güney Azərbaycandakı etirazlardan qorxuya düşən İran guya özünün tərəfsiz olduğunu iddia etdi. Bununla belə, İranının hələ də erməniləri və Ermənistanı himayə etdiyi hər kəsə aydındır”.

İranın son təlimlərinə toxunan müsahibimiz deyib ki, fars-molla rejiminin Araz kənarında təlim adı ilə hərbi birləşmələr, ağır texnika toplaması eyni siyasətin davamıdır: “Zəngəzur dəhlizinin açılmasının əleyhinə növbəti təxribat xarakterində olan bu manevr bu dəfə daha çox Güney Azərbaycana yönəlmiş olacaqdır. Yəni bu dəfə Azərbaycan Respublikasına qarşı bir hərbi əməliyyat aparılmayacaq. Lakin Azərbaycana qarşı təxribatlar törədəcəklər. Məqsəd də sonradan Azərbaycana hücum üçün əsas yaratmaq olacaq”.

Güneyli fəalın sözlərinə görə, kifayət qədər ehtiyatlı olmalıyıq. Çünki İranın mövcud rejimi Azərbaycana qarşı çox təhlükəli addım ata bilər: “Hesab edirəm ki, İran tərəfi hərbi təlim müddətində bir sira silahlıları bəlli nöqtələrə yerləşdirəcək. Bundan sonra Azərbaycanla ciddi siyasi gərginlik yaradılacaq. Münasibətlərin gərginləşməsinin pik nöqtəsində isə İran rejimi bu təlimlər zamanı bəlli nöqtələrdə yerləşdirdiyi silahlarla Güney Azərbaycanda məscid və yaşayış yerlərini bombalayıb günahını Azərbaycanın üzərinə atacaq. Bunun inandırıcı olması üçün isə “İsrail Azərbaycan torpaqlarından istifadə edərək məscidlərimizi hədəfə alır” iddiasını irəli sürəcəklər. Bu taktikanın bir istiqaməti də Azərbaycan Respublikasındakı dindarları ölkənin əleyhinə üsyana qaldırmağa cəhd ola bilər”.

“Qarşımızda çox məkirli və əzazil düşmən var. Bu düşmənin əməllərinə, hazırladığı fitnələrə qarşı ən böyük silahımız isə Güneyli-Quzeyli bir olmağımızdır. Bu gün bizə həmişəkindən daha çox birlik lazımdır. Məhz bu birlik vasitəsi ilə İran rejiminin əməllərinin qarşısında sədd çəkə bilərik. Bir sözlə, İran fars işğal rejiminin şeytani əməllərlə millətimizin dini dəyərlərindən istifadə etməsinə qətiyyən yol verə bilmərik və verməyəcəyik. Onu da deyim ki, İranın Azərbaycan dövlətinə və xalqına, Güneyli-Quzeyli Azərbaycana qarşı yeni məkrli planına qarşı dirənişdə medianın də üzərinə mühüm vəzifələr düşür. Vaxt itirmədən hər iki tərəfdə xalqı hazırlanan oyunlardan xəbərdar etmək medianın bir nömrəli vəzifəsi olmalıdır”, – deyə S.Mərəndli əlavə edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.