Press "Enter" to skip to content

Qardaş ölkələrin müdafiə nazirləri bir arada

Görüş zamanı

BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib: “Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Kurbanov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Qonaqları salamlayan müdafiə naziri general-polkovnik Zakir Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, iki ölkə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Müdafiə naziri özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb”.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Özbəkistanın müdafiə naziri səmimi qəbula görə öz minnətdarlığını bildirib, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb: “Azərbaycan ilə Özbəkistan müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imzalanıb”.

Məlumata əsasən, sonda Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndə heyəti buranın komanda idarəetməyə dair texniki imkanları və ümumilikdə görülən işlərlə tanış olub.

Mission News Theme by Compete Themes.