Son yeniləmə: 20 Oktyabr 2022 14:47
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya MEK-dən məlumat verilib.
Bildirilib ki, səfərdə məqsəd Özbəkistanda bir həftə ərzində keçiriləcək innovasiya, elm, texnika, araşdırma mövzusunda beynəlxalq konfransda və konfrans çərçivəsində təşkil olunan sərgidə iştirak etməkdir: “Həmçinin qardaş ölkədə mövcud olan elmi-kütləvi kitabxanaların fəaliyyəti, kitabxana istiqamətində əməkdaşlığın iki ölkənin elmi-mədəni münasibətlərinə verə biləcəyi töhfəni araşdırmaqdır”.
Məlumata əsasən, MEK nümayəndələri ilk olaraq paytaxt Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi liderin büstünü ziyarət ediblər: “Daha sonra MEK rəhbərliyi Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin ofisində qurumun həyata keçirdiyi layihələrlə tanış olublar. Mərkəzin direktoru Abduləziz Abdulvəliyev, I müavin Fərrux Aminov və əməkdaşlarla görüş zamanı qurumun gələcəkdə AMEA, həmçinin MEK-lə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Baş direktor, professor Məmməd Əliyev Azərbaycanda müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklər, MEK-in beynəlxalq əməkdaşlıqlarının qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi imkanları barədə danışıb. Eyni zamanda kitabxananın fondları, layihə və təşəbbüsləri, burada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verilib. Görüşün sonunda MEK adından mərkəzə kitablar təqdim edilib, həmçinin qarşı tərəfdən MEK-ə Özbəkistanın elmi-texniki fəaliyyətlərindən bəhs edən önəmli nəşrlər hədiyyə olunub”.
MEK rəhbərliyinin Özbəkistana səfəri davam edir.