Son yeniləmə: 20 Oktyabr 2022 15:20
Cavid Aydın: Qarşıda dinləyiciləri maraqlı qonaqlar, rəngarəng mövzular ətrafinda söhbətlər gözləyir
BAYRAQDAR MEDİA – “Eskişehir Azərbaycanlılar Dərnəyində hər il ənənəvi olaraq təşkil edilən “Çərşənbə söhbətləri” yeni mövsümdə də davam edir. Artıq bu layihə çərçivəsində iki görüşümüz olub”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın dedi.
Onun sözlərinə görə, yeni mövsümdə ilk söhbət “Kaliteli eğitim həyatı” mövzusunda olub: “Bu mövzuda çıxış edən doktorant tələbəmiz Səxavət Dadaşov maraqlı fikirlər səsləndirdi. O, yeni qəbul olan tələbələrə təhslildə özlərini necə inkişaf etdirməlidirlər və s. bu kimi vacib məsələlərlə bağlı məsləhətlərini verdi”.
Dərnək sədri qeyd etdi ki, ikinci həftənin mövzusu isə Müstəqilliyin Bərpası Gününə həsr edilib: “Dərnəyin sədr müavini Sirac Yaquboğlu “Azərbaycanda müstəqillik prosesi” mövzusunda çıxış etdi. Çıxışda müstəqilliyin əldə edilməsi zamanı ortaya çıxan çətinliklər və bu yolda qazanılan uğurlardan bəhs edildi. Müstəqilliyə gedən yolda müxtəlif təzyiq, hücum və faciələrə tuş gələn Azərbaycan xalqının Sovet İttifaqının uydurduğu yalana inanmayaraq öz taleyini necə cızdığı bildirildi”.
Qeyd edildi ki, çıxışda Ermənistanın işğalşılıq siyasəti və 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən də bəhs olunub: “Sonda onu da deyim ki, yeni mövsümdə “Çərşənbə söhbətləri”ndə dinləyiciləri maraqlı qonaqlar, rəngarəng mövzular ətrafinda söhbətlər gözləyir”.