Son yeniləmə: 20 Oktyabr 2022 14:09
BAYRAQDAR MEDİA – BMT-nin Vyanadakı nümayəndəliyi önündə Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi müharibə cinayətlərinə həsr olunmuş sərgi-aksiya keçirilib. Birləşmiş Millətlər meydanında təşkil olunmuş aksiyaAvstriyadaki Azərbaycan icmasının təşkilatçılığı ilə gerçəkləşdirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sərgi-aksiyada Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətləri əks etdirən fotomateriallar nümayiş olunub: “Fotomateriallar “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüarlar və çağırışlarla müşayiət olunub”.
Məlumata əsasən, Avstriyada yaşayan azərbaycanlı musiqiçi Ruhulla Əzizin kamançada ifa etdiyi həzin musiqi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin bütün qurbanları yad edilib.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə Ermənistanın müharibə cinayətləri barədə ətraflı məlumat verilib.