BAYRAQDAR MEDİA – The Guardian qəzeti yazır ki, Yeni Zelandiya “Təmiz (Aydın) dil qanunu” qəbul edir. Qəzetin yazdığına görə, qanun artıq 3-cü oxunuşdan keçib və qüvvəyə minməsi üçün yolu açılıb.
Parlament çoxluğunun dəstəklədiyi qanuna görə, bundan sonra rəsmi dövlət qurumları jarqonlardan istifadə edə bilməyəcək. Eyni zamanda mürəkkəb cümlə quruluşları da qadağan edilir. Yəni bu qanun dövlət bürokratiyasının ən savadsız adamların belə anlayacağı dildən istifadə etməsi tələbini irəli sürür. Qanuna görə, məmurlar istər yazılı, istərsə də şifahi ünsiyyətdə sadə və hər kəsin anlayacağı cümlələrdən istifadə etməlidir.
Açığı, bir az qəribə qanundur. Amma haqq verməmək mümkün deyil. Doğrudan da bir çox ölkələrdə rəsmi dövlət dilinin dövlət qurumlarında istifadəsi bəzən çox mürəkkəb olur. Bunu isə hətta ən hazırlıqlı adamlar da tam anlamaqda çətinlik çəkir.
Azərbaycan da istisna deyil. Ölkəmizdə bəzi dövlət qurumları xəbərlərini, rəsmi sənədləri mümkün qədər anlaşıqlı dildə yazmağa çalışır. Lakin elə qurumlar da var ki, onların yazdığını anlamaq sadəcə mümkün olmur. Belə örnəklər bir qayda olaraq prokurorluq və məhkəmə sistemində çoxluq təşkil edir. Əlbəttə, bunu ayrıca araşdırma apararaq müəyyən etməmişik. Amma az qala hər gün qarşımıza çıxan bu qəbildən sənədlər belə qənaətə gəlməyə əsas verib.
Örnək üçün, bir neçə ay öncə Baş Prokurorluqdan media üçün bir açıqlama almışdıq. İlk cümləsi 154 sözdən ibarət idi. Ümumilikdə bir A4 səhifəlik olan xəbər cəmi 3 cümləyə sığdırılmışdı. Təbii ki, o xəbərin üzərində əziyyət çəkmədik, yayımlamadıq və qərara gəldik ki, bundan sonra ümumiyyətlə Baş Prokurorluğun açıqlamalarına vaxt xərcləməyək.
Bəzən digər dövlət qurumlarının da xəbərlərində bənzər mürəkkəbliklərə rast gəlirik. Belə xəbərləri işləmək, oxuculara çatdırmaq həm vaxt alır, həm də ümumi işimizə zərər vurur. Ona görə də məsələylə bağlı şəxsən özüm dəfələrlə həyəcan təbili çalmışam. Amma dəyişən bir şey yoxdur…
Bu baxımdan düşünürük ki, Yeni Zelandiya kimi Azərbaycan da rəsmi dövlət bürokratiyasında sadə və hər kəsin anlayacağı dildən istifadə ilə bağlı qanun qəbul etməlidir. Eyni zamanda dövlət qurumlarının istehsal etdiyi yazılı mətnlərin normal dilə uyğunlaşdırılması üçün struktur vahidləri qurulmalı, oraya dili yaxşı bilən və özəlliklə də məsələyə həssas yanaşan işçilər cəlb edilməlidir. Elə olacağı təqdirdə dövlət-vətəndaş münasibətlərində bəzən ortaya çıxan gərəksiz süründürməçilik də azalmış olar.
Digər tərəfdən də media ilə ünsiyyət daha çevik və asan olar. Belə bir qanun qəbul ediləcəyi halda.
Örnəklərə baxaq. Baş Prokurorluğun oktyabrın 17-də yaydığı xəbərdən bir cümlə: “Oktyabr ayının 16-da saat 18:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur”.
Düz 50 söz! Bəli, bir cümlədə 50 söz. Çoxdur. Özü də həddən artıq. Bəs bu böyük cümlə ilə çatdırılmaq istənən fikirləri daha aydın və qısa cümlələrlə təqdim etmək olardımı?
Gəlin baxaq: “Azərbaycanın İranla dövlət sərhədinə qarşı tərəfdən 2 nəfər yaxınlaşıb. Onlar sərhədin mühəndis çəpərinə yanaşıb və geri qayıdıblar. Baş verənləri xidmət aparan sərhəd naryadı müşahidə edib. Hadisə oktyabrın 16-da saat 18.00-da qeydə alınıb. Yer isə Dövlət Sərhəd Xidməti Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin məsuliyyət zonasına aiddir. Sözügedən hadisə Biləsuvar rayonunun 10-cu Cəbrayıl qəsəbəsindəki sərhəd zastavasının sahəsində baş verib”.
Olarmış. Məna eyni, xəbər yükü eyni. Baş Prokurorluğun 50 sözlük bir cümlədə təqdim etdiyi informasiyanı biz ümumilikdə 56 sözlük 6 cümlədə təqdim etdik. Ən uzun cümləmiz də 12 sözdən ibarət oldu. Belə bir mətni isə dağda qoyun otaran çoban da, ən ali dərəcəli alim də rahat anlaya bilər.
Ümumiyyətlə isə yazının rahat anlaşılması üçün cümlənin 20 sözdən artıq olmaması lazımdır. Belə qısa cümlələr daha rahat anlaşılır və daşıdığı informasiya yaddaqalan olur. O baxımdan düşünürük ki, dövlət qurumlarındakı rəsmilərin daha lakonik yazması və qısa danışması üçün təlimlərə gərək var…