Son yeniləmə: 20 Oktyabr 2022 10:41
Bu mövzuda beynəlxalq tədbir keçirilib
BAYRAQDAR MEDİA – Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən oktyabrın 19-da “44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər” mövzusunda onlayn beynəlxalq elmi tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birliyin mətbuat və informasiya xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Beynəlxalq Türk Akademiyasının (BTA) elmi dəstəyi ilə keçirilib: “Tədbiri giriş sözü ilə açan hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov AİM tərəfindən icra olunan layihənin məqsədləri və aktuallığına diqqət çəkib. O, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra görülən işlərdən danışıb, müharibənin beynəlxalq hüquqi və geopolitik nəticələri, müharibə zamanı Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında məlumat verib”.
Daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli çıxış edib: “O, çıxışında müharibədən sonrakı yeni geosiyasi reallıqlar, xüsusilə müharibə dönəmində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan informasiya savaşının əhəmiyyəti haqqında danışıb. Natiq Ermənistanın transmilli cinayətlərinin bütövlükdə türk dünyasının təhlükəsizliyi üçün təhdid olduğunu, bu əməllərə münasibətdə bir sıra beynəlxalq qurumların və xarici dövlətlərin ikili standartlar yürütməsini diqqətə çatdırıb”.
Məlumata əsasən, elmi seminarda həmçinin, Türkiyə Burdur Mehmet Akif Ersoy Universitetinin uzmanı, Dr. Esma Özdaşlı, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, Ədliyyə Akademiyasının baş müəllimi, Dr. Mətanət Əgərova çıxış edib: “Çıxışlarda ermənilərin mülki əhaliyə, qadınlara, uşaqlara qarşı törətdikləri cinayətlər, habelə beynəlxalq humanitar hüquq pozuntuları ilə bağlı ətraflı məlumat verilib. Bu transmilli cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətin reallaşma mexanizmlərindən danışılıb, ermənilərin hüquqazidd əməlləri ilə bağlı beynəlxalq və milli səviyyədə keçirilən elmi tədbirlərin əhəmiyyəti qeyd olunub”.
Tədbirdə məlumat verilib ki, layihənin icrası nəticəsində “44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri və yeni geosiyasi reallıqlar” adlı elektron kitab hazırlanıb, ingilis dilinə tərcümə edilərək, bu saytda yerləşdirilib: “Beynəlxalq tədqiqatçılar, xarici jurnalistlər, bütövlükdə internet istifadəçiləri üçün nəzərədə tutulan vəsait 44 günlük Vətən müharibəsinin beynəlxalq hüquqi və geopolitik nəticələri, habelə ermənilərin transmilli cinayətləri barədə elmi və praktiki məlumatları özündə əks etdirir. Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, Dr. Səyyad Məcidov, elmi redaktoru isə BTA-nın prezidenti vəzifəsini icra edən, Dr. Füzuli Məcidlidir”.