BAYRAQDAR MEDİA – 2022-ci ilin 24 fevralından başlayaraq Rusiyanın əsassız və səbəbsiz yerə Ukraynaya hərbi təcavüz etməsi və bu günədək davam edən qanlı işğalı dünyada kimin kim olduğunu aşkarlayır. Son vaxtlar İran da əvvəlkindən fərqli olaraq açıq şəkildə Rusiyanın təcavüzünə dəstək verir, hətta onun silahlanmasında iştirak edir. Bu isə təcavüzə və işğala uğrayan Ukraynanın diqqətindən yayına bilməzdi.
Qeyd edək ki, müharibənin qızğın çağında İranın Rusiyaya verdiyi PUA-ların Ukraynada dinc insanları öldürməsi halları getdikcə artır. Bunu nəzərə alaraq Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin İranla diplomatik əlaqələri kəsməsinə çağırış edib.
D.Kuleba qeyd olunan məsələylə bağlı oktyabrın 18-də özünün sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir: “İranla diplomatik münasibətləri onların sərhədimizi keçərək şəhərlərimizi, infrastrukturumuzu vuran və insanları öldürən yüzlərlə pilotsuz təyyarəsi kəsdi. İran dronlarının səbəb olduğu Ukraynanın mülki infrastrukturunun çoxsaylı dağıntılarını, xalqımızın ölüm və iztirablarını, habelə İranın Rusiyaya silah tədarükünün davam etdirilməsi ehtimalı ilə bağlı xəbərlərin yayılmasını nəzərə alaraq, bu gün İranla diplomatik münasibətlərin kəsilməsi təklifini baxılması üçün Ukrayna Prezidentinə təqdim etdim. Biz heç vaxt anti-İran mövqe tutmamışıq. Lakin İranın Rusiyanın bizim ərazimizə təcavüz cinayətlərinə şərik olmasından sonra biz çox aydın və dürüst mövqe seçirik. Onlar Rusiyaya silah tədarükünü dayandıracaqlar – biz bütün münasibətlər kompleksinin bərpasından danışacağıq”.