BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağın Cəbrayıl və Şərqi Zəngəzurun Qubadlı rayonlarına səfər edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.
Prezident və birinci xanım eyni zamanda Cəbrayıl rayonunda yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olub. Onlar reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl ərazisinə 18 ceyranın buraxılması mərasiminə qatılıblar.
Daha sonra Prezident Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.
İ.Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini də qoyub.
Dövlət başçısı və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident və birinci xanım Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak edib.