Son yeniləmə: 19 Oktyabr 2022 14:48
Emin Həsənli: Düşmən ölkə təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycan bütün cəbhə boyu və məhz Ermənistanın ərazisində təhlükəsizlik zonası – bufer zona yaratmalıdır
BAYRAQDAR MEDİA – “Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib. Bu ölkə üzərinə götürdüyü öhdəlikləri hər zaman pozub. İndi də öz “ənənəsinə” sadiq qalır”.
Bunu Ermənistanın son addımlarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Fransa və İran Ermənistanı bu öhdəlikləri yerinə yetirməməyə təhrik edir
Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu: “Bundan sonra Ermənistan üzərinə müxtəlif öhdəliklər götürdü. Lakin düşmən ölkə müxtəlif bəhanələr gətirərək həmin öhdəlikləri yerinə yetirmir. Onu da deyim ki, Fransa və İran kimi bölgədə əbədi sülhün olmasını istəməyən ölkələrin də bu məsələdə öz payı var. Yəni onlar da Ermənistanı bu öhdəlikləri yerinə yetirməməyə təhrik edir”.
Əgər İran bu müddət ərzində Ermənistana hərtərəfli dəstək verməsəydi…
E.Həsənli deyib ki, əslində, bu münaqişənin 30 il müddətində uzanmasında Fransanın və İranın böyük rolu var: “Əgər İran bu müddət ərzində Ermənistana hərtərəfli dəstək verməsəydi, işğalçı ölkənin nəfəsliyi olmazdı. Ancaq İran Ermənistana silah, ərzaq, bir sözlə hər şey verdi. Bu gün də İran tərəfi müxtəlif bəyanatlarla, yaxud addımlarla Ermənistanı yenidən müharibəyə sövq edir, şirnikləşdirir. Fransa da İrandan geri qalmır. Fransa Prezidenti dövlət adamına yaraşmayan tərzdə, məsuliyyətsiz bəyanatlar verir”.
Bu, Ermənistana heç də xoş gələcək vəd etmir
Müsahibimiz qeyd edib ki, bütün bunlar da ona gətirib çıxarır ki, Ermənistan yenidən müxtəlif oyunlara, hərbi təxribatlara və dezinformasiyalara əl atır: “Regionda əbədi sülhün əldə edilməsinə mane olan bu cür addımlar isə Ermənistana heç də xoş gələcək vəd etmir. Bu gün Ermənistanda sadə vətəndaşdan tutmuş dövlət rəhbərlərinə qədər hər kəs yaxş-yaxşı düşünməlidir. Onlar nəhayət ki, özlərində güc tapıb, ağıllı addım atmağı bacarmalıdırlar. Ağıllı addım isə Azərbaycan və Türkiyənin təklif etdiyi sülhdən keçir”.
Bildirilib ki, indi Ermənistanın qarşısında iki yol var: “Bunun birincisi sülh sazişinin imzalanmasından keçir ki, bu zaman da ən çox qazanan elə Ermənistan olacaq. Çünki sülh bu ölkəyə iqtisadi problemlərdən xilas vəd edir. İkinci yol isə İran və Fransa kimi bölgədə sabitlikdə maraqlı olmayan ölkələrin təhrikinə uyub təxribatları davam etdirməkdir. Bu da Ermənistana bir dövlət kimi məhv olmaq perspektivi vəd edir. Çünki Azərbaycanın dəmir yumruğu yerindədir və bu dəfə o Ermənistan üçün ölümcül olacaq. Yəni Ermənistan ağlını başına yığmasa, daha ağır cəza alacaq”.
Ermənilər gəldikləri yerə köçüb getməsələr bu regionda dinclik olmayacaq
“Haqlı olaraq böyük əksəriyyət bu fikirdədir ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilər bu bölgəyə köçürülüb. 1918-ci ildə xarici güclərin təzyiqi ilə qurulan Ermənistan bir proje dövlətidir. Ona görə də ermənilər gəldikləri yerə – Hindistana, İrana, Liviyaya, Suriyaya köçüb getməsələr bu regionda dinclik olmayacaq. Əgər Ermənistan ağıllanmasa o zaman erməniləri sonda məhz bu tale gözləyəcək. Eyni zamanda hesab edirəm ki, Ermənistan təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycan bütün cəbhə boyu və məhz Ermənistanın ərazisində təhlükəsizlik zonası – bufer zona yaratmalıdır. Günümüzdə bunun nümunəsi var. Qardaş Türkiyə terror hücumlarına son qoymaq üçün Suriya ərazisində bufer zona yaradıb. Eyni addımı da dediyim kimi, Ermənistan ərazisində Azərbaycan ata bilər. Təbii ki, bunun olmaması üçün Ermənistan hərbi və terrorçu təxribatlarına son qoymalıdır”, – deyə E.Həsənli sonda bildirib.