Press "Enter" to skip to content

Dilimizin “baş tutmaq” kirliliyi və ya…

Azər Həsrət

BAYRAQDAR MEDİA – Tez-tez xəbər mətnlərində filan görüş “baş tutdu”. Yaxud filan tədbir “baş tutdu” kimi ifadələrə rast gəlirik. Hətta bir sıra dövlət qurumları sıradan bir tədbir haqqında xəbər yayanda da orda belə ifadələr işlədir. Buna daha çox Xarici İşlər Nazirliyinin xəbərlərində rast gəlirik. Daha doğrusu, mən rast gəlirəm. Ola bilər başqa qurumlarda bundan da çox olsun belə ifadələr.

Bu “baş tutmaq” ifadəsindən belə paylaşımlarda istifadə etmək yanlışdır. Özü də kökündən. Amma görürük ki, çoxları bunun fərqinə varmadan sağa-sola işlədir və… dilimizi kirlədir.

“Baş tutmaq” adi vəziyyət deyil. Yəni hansısa nazir başqa bir nazirlə plan və proqram üzrə görüşürsə, bunu “baş tutmuş” kimi təqdim etmək olmaz. Belə bir durum adi, heç bir problemi olmayan və plan üzrə gerçəkləşmiş olduğundan onun “baş tutması” üçün səbəb də yoxdur.

Bəs “baş tutmaq” hansı halda doğrudur və özəlliklə də media əhli bu ifadədən nə vaxt istifadə edə bilər?

Bu sualın cavabı çox sadədir.

Bir görüşün və ya aktın baş tutması üçün onun daha əvvəl müəyyən çətinliklərlə üzləşməsi şərtdir. Örnək üçün, hansısa rəsmi şəxslər, yaxud da idman komandaları görüşmək üzrəykən nəsə baş verir və görüş təxirə salınır. Növbəti cəhddə də belə bir problem yaşanır və görüş alınmır. Tərəflər bu cür gözlənilməz əngəlləri aşaraq görüşdüyündə bunun baş tutduğunu deyə və yaza bilərik. Yoxsa elə sıradan bir görüş və akt haqqında danışanda “baş tutdu” kimi ifadə işlədilməsi yanlışdır. Yəni “baş tutmanın” yer alması üçün haqqında söhbət gedən aktın daha öncədən əngəllərlə qarşılaşması şərtdir.

Daha bir ifadə – “zaman” və onun qarşılığı kimi işlədilən “vaxt”. Bunların da yerində və uyğun işlədilməməsi adiləşib artıq. Halbuki “vaxt”la “zaman” (müddət baxımından) heç də eyni deyil və onların yerində işlədilməsi vacibdir. Bir qayda olaraq “vaxt” sözündən qısa müddətləri ifadə etmək üçün (başqa halları bir kənara buraxırıq) istifadə edilməlidir. “Zaman” isə daha uzun müddəti ehtiva edir. Örnək üçün, “zamanım yoxdur” ifadəsi yanlış, “vaxtım yoxdur” söz birləşməsi düzgündür. Lakin keçmişə nəzərən danışıldığında “zaman” sözü yerinə düşür. Örnək: “keçmiş zaman(lar)”. “Keçmiş vaxt(lar)” demək isə yanlışdır. O baxımdan zamanla vaxtı bir-birindən ayırmaq gərəkdir.

Bir də “çalışmaq” və “işləmək” ifadələri qarışdırılır. “Filankəs filan yerdə işləyir” yazacağımız halda, “filankəs filan yerdə çalışır” yazılır. Yanlışdır. Çalışmaqla işləmək fərqli aktlardır. “İşləmək” deyəndə bir şəxsin bir işlə mütəmadi məşğul olması, yaxud da bir iş yerində işçi olaraq işləməsi nəzərdə tutulur. “Çalışmaq” isə cəhd etmək, nəyəsə nail olmaq üçün əlavə əmək sərf etmək anlamındadır.

Örnək: “Bu yazını tez yazıb bitirməyə çalışıram.” Göründüyü kimi, burada daha üstün bir cəhd var.

Örnək: “Məktəbdə müəllim işləyirəm.” Burada isə hər hansı üstün cəhddən söhbət getmir. Şəxs sadəcə harada işlədiyini dilə gətirir.

Bir də “start vermək” deyə bir söz birləşməsi gözümüzü yağır edib. Dəyərli oxucular, özəlliklə də jurnalistlər. Lütfən, gərək olmadan dilimizi zibilləməyək. “Start vermək” də nə deməkdir axı? “Başlamaq” kimi özbəöz türk sözümüz varkən niyə axı belə əcaib ifadələrə müraciət edirik?..

Ümid etmək istərdik ki, bəzən adi görünən bu yanlışları özəlliklə də jurnalist həmkarlarımız diqqətə alacaq, yazılarında və çıxışlarında onlara yol verməyəcək. Biz söz adamları olaraq dilimizi, onun saflığını qorumalıyıq. Özü də bunu hamıdan öndə, hamıdan daha yaxşı etməliyik.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.