Son yeniləmə: 26 Oktyabr 2022 11:15
BAYRAQDAR MEDİA – Göygöl Suvarma Sistemləri İdarəsi ilin əvvəlindən etibarən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlər planına əsasən bütün işləri yerinə yetirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 19-da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, 2022-ci ilin 9 ayı ərzində Göygöl rayonu ərazisində 15 min 210 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarılması təmin edilib: “İdarənin balansında olan subartezian quyuları və nasos stansiyaları vasitəsilə də əkin sahələrinin suvarılması yerinə yetirilib. Hazırda kanal və arxların lildən təmizlənməsi prosesi sürətlə aparılır. Bu vaxta qədər 466 min kubmetr lildən təmizləmə işləri həyata keçirilib”. Onun sözlərinə görə, İdarənin balansında olan 35 ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilib: “Bundan başqa, Qoşqarçayın sahilində yerləşən Bəhrambəy su tutarında lildən təmizləmə işləri davam etdirilir. Ümumi həcmi 100 min 300 kubmetr olan göl uzun müddət istifadə olunduğundan lillə örtülüb. Hazırda lilin kütləsi 6 min kubmetrə yaxındır. İdarənin texnikaları vasitəsi lil kütləsi göldən çıxarılır və hamarlanma işləri aparılır. Görülən işlərin yaxın günlərdə tamamlanacağı planlaşdırılıb”.
D.Şərifov deyib ki, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Balçılı kəndində 1, Quşqara kəndində 2, Səmədli qəsəbəsində 1, Nadil kəndində 1 ədəd olmaqla, 5 ədəd yeni subartezian quyusunun qazılması başa çatdırılıb: “Rayon ərazisində suvarma ilə yanaşı, sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülüb. Sel və daşqınların qarşısını almaq üçün Gəncə, Kürək və Qoşqar çaylarında çay məcraları mexanizmlə təmizlənib. Ümumilikdə 122 min kubmetr həcmində çay məcrasının təmizlənməsi işləri həyata keçirilib”.
Qeyd edilib ki, Göygöl Suvarma Sistemləri İdarəsi 9 ay ərzində 174 ədəd subartezian quyusunu cari təmir edərək fermerlərin və fiziki şəxslərin istifadəsinə verib: “Bundan başqa, Xanlar və Ərəbli arxlarında cari təmir işləri aparılaraq, həmin arxlar vasitəsilə əkin sahələri tam suvarılıb”.