Son yeniləmə: 18 Oktyabr 2022 16:05
BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi və vətəndaş məmnunluğuna imkan yaradan mühüm innovativ yeniliklər barədə məlumat verilib: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb”.
Məlumata əsasən, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edib: “Bildirilib ki, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb. Bu il oktyabrın 1-nə qədər 1 milyon 122 min 650 şəxs DOST xidmətlərindən faydalanıb. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi isə 98,8 faiz təşkil edir. Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət “bir pəncərə”dən təqdim edilir”.
M.Spatar Moldovada inteqrasiya olunmuş dövlət xidmətləri mərkəzləri, yeni informasiya sistemlərinin yaradılması sahəsində görülən işləri qeyd edib: “Azərbaycanın DOST təcrübəsinə, bu təcrübənin öyrənilməsinə Moldovada böyük maraq göstərildiyi və xüsusi önəm verildiyi vurğulanıb. Nümayəndə heyəti üçün DOST konsepsiyasına dair təqdimat edilib”.