Son yeniləmə: 18 Oktyabr 2022 15:45
BAYRAQDAR MEDİA – Ötən həftə Elazığ daha bir möhtəşəm tədbirə ev sahibliyi edib. Belə ki, bu diyarda “25-ci Beynəlxalq Xəzər Poeziya Gecələri” uğurla keçirilib.
Məlumata əsasən, üç günlük mərasim Nurettin Ardıçoğlu Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Şeir Gecəsi ilə başa çatıb. Gecədə Türkiyə ilə yanaşı, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Doğu Türküstan, KKTC və İraqdan olan şairlər şeirlərini səsləndiriblər.
Qeyd edilib ki, bu il şair Abay Kunanbayın xatirəsinə həsr edilən və “birlik” mövzusunda keçirilən tədbirdə Elazığ valisi Ömər Toraman çıxış edib. O, çıxışında “25-ci Beynəlxalq Xəzər Poeziya Gecələri”ni təşkil etməkdən xoşbəxt olduğunu bildirib: “Şeir həyatın hər sahəsinə uyğun gələn bir sahədir. Bu gün xalq olaraq böyük kədər içindəyik. Amasrada baş verən mədən partlayışı ilə 41 mədənçini itirdik. Bu acıları da qələmə alacaq şair və yazıçılardır”.
Builki tədbirin mövzusunun birlik olduğunu xatırladan Ö.Toraman, “Türkiyə Cümhuriyyəti ikinci əsrə qədəm qoyarkən, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da fadə etdiyi kimi, Türkiyə əsrinə qədəm qoyuruq. İnşallah, bu, türk əsrinə çevriləcək. Çünki türk dünyası dildə, fikirdə, işdə bir olduğu zaman bu birliyi, türk birliyini reallaşdırmış olacayıq”, – deyib.
Bələdiyyə başqanı Şahin Şerifoğulları şəhərlərin incəsənəti, mədəniyyəti və sivilizasiyanı öz qoynunda yaşadan yerlər olduğunu açıqlayıb.
İl Mədəniyyət və Turizm Müdiri Ahmet Demirbağ, birliyə ən çox ehtiyac duyulan bu dövrdə təşkil edilən bu tədbirin əhəmiyyətli olduğunu ifadə edib.