Press "Enter" to skip to content

Rəhim kişinin oğlu Umud və BAMF – 30

Tədbirdən xatirə fotosu: Umud Rəhimoğlu (solda) və BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət

Son yeniləmə: 16 Oktyabr 2022 21:00

BAYRAQDAR MEDİA – Oktyabrın 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubiley tədbirinə toplaşmışdıq. Adına layiq bir toplantı oldu. Dünyanın hər tərəfindən qonaqlar vardı. Gələ bilməyənlər isə təbriklər göndərmişdilər.

Azərbaycandan da təbriklər az deyildi. Tədbirdə yetərincə yüksək məqamlardan çoxsaylı təbriklər səsləndi, alqışlandı.

BAMF mənim şəxsən çox yaxından tanıdığım oturuşmuş bir qeyri-hökumət təşkilatıdır. 1992-ci ildə, o qanlı-qadalı mərhələdə əsasən də xarici medianın diqqətini Azərbaycanın problemlərinə cəlb etmək üçün qurulmuşdu bu təşkilat.

Təşkilatın sədri Umud Rəhimoğlu ona qədər də ictimai fəaliyyəti ilə fərqlənənlərdən idi. Amma BAMF-ı qurduqdan sonra gördüyü işlər daha da nizama düşdü, bir böyük yol başlandı.

BAMF ən çox önəm verdiyi bir fəaliyyəti çox uğurlu şəkildə həyata keçirə bildi və indi də keçirə bilir. Qurum Ermənistanın təcavüzündən əziyyət çəkən Azərbaycana hələ 1990-cı illərdə tez-tez xarici jurnalistləri gətirir, onları qaçqın düşərgələrinə aparıb gerçəkləri öz gözləri ilə görmələrinə şərait yaradırdı.

BAMF və onun rəhbəri məhz ona görə çalışırdı ki, Azərbaycanın səsini dünyaya çatdırmaq mümkün olsun. Bu baxımdan qurumun olduqca möhtəşəm təcrübəsi var.

Paralel olaraq Umud Rəhimoğlu təşkilatın qərargah məsələsini də həll edirdi. Şəxsi imkanları hesabına. Şəxsi imkanlar deyəndə yəqin ki, indiki nəslin ağlına böyük pullar və dövlətin, yaxud da hansısa qurumların dəstəyi gələcək. Qısa deyirəm: elə deyildi. BAMF dövlətdən sadəcə bir parça torpaq ala bilmişdi 1990-cı illərdə. Onu da zülmlə. Və həmin boş və bərbad torpaq sahəsində Ermənistanın işğalı altındakı Füzulidən didərgin düşmüş Rəhim kişinin oğlu Umud öz əlləri ilə qərargah tikirdi. Tikirdi ki, gələn-gedəni layiqincə qarşılayıb yola salmağa yeri olsun. Tikirdi ki, normal iş şəraiti olsun və bu şəraitdən Azərbaycanın dərdlərini dünyaya anlatmaq üçün daha səmərəli istifadə edə bilsin.

Yaxın tarixin yetərincə böyük bir hissəsində şəxsən mən də Rəhim kişinin oğluyla yoldaşlıq etmişəm, etməkdəyəm. Biz birlikdə bir çox beynəlxalq tədbirlərdə iştirak etmişik. Birlikdə bir sıra beynəlxalq platformalarda Azərbaycan davası aparmışıq, aparmaqdayıq.

Bütün bu fəaliyyətlərini Rəhim kişinin oğlu çox vaxt öz şəxsi imkanları hesabına edib. Azərbaycan dövlətindən demək olar ki, maliyyə almadan. Elə bəzilərinin gözünü deşən ofisini də BAMF Azərbaycan dövlətinin və ya bu gün onu hədəf alanların maliyyəsi ilə deyil, bəzən şəxsi vəsaiti, bəzən də beynəlxalq donorlardan aldığı institusional dəstək hesabına tikib, ərsəyə gətirib.

Bu ofis sadəcə BAMF-ın, Umud Rəhimoğlunun ehtiyacları üçün fəaliyyət göstərmir. Bura Azərbaycanın dərdlərinin dünyanın ən aparıcı media qurumlarına, jurnalist və insan haqları təşkilatlarına çatdırılması üçün bir mərkəz rolunu oynayır.

BAMF-ın ofisinə BMT başda olmaqla bir çox beynəlxalq dövlətlərarası qurumlardan, həmçinin dünyanın ən aparıcı jurnalist və insan haqları təşkilatlarından qonaqlar gəlib, gəlməkdədir. Onlara burada illərdir verilən məlumatlar bir qayda olaraq Ermənistanın Azərbaycana təcavüzü, insanlarımızın çəkdiyi əziyyətlə bağlı olur.

BAMF-ın bir mərkəz halına gəlmiş ofisində 10 illərdir xarici tələbələr, xarici ölkələrdən olan gənclər təcrübə keçir, Azərbaycanın dərdlərini yaxından öyrənir, ölkələrinə döndükdən sonra ölkəmizin elçisi kimi fəaliyyət göstərirlər. Yəni o gənclər məhz Umud Rəhimoğlunun təşəbbüsüylə dünyada bizim səsimiz olurlar.

Umud Rəhimoğlu və BAMF lazım gələndə xeyriyyəçilik də edir, ehtiyacı olan heç kimi ümidsiz buraxmır. Təbii ki, imkan daxilində.

BAMF haqqında kitablar yazılsa, filmlər çəkilsə də yetərli olan deyil. Onun çoxşaxəli – geniş fəaliyyətini əhatə etmək üçün aylarla deyil, illərlə çalışmaq lazımdır. Belə bir təşkilat haqqında 30 illik yubileyi günlərində ancaq və ancaq xoş sözlər danışmaq olar. Amma o xoş sözlər də yetərli olan deyil.

BAMF Birləşmiş Millətlər Təşkilatı İqtisadi və Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi üzvüdür. Bu ada layiq görülən ilk Azərbaycan təşkilatı olmaqla Fond BMT-nin ofisində daimi təmsilçi saxlamaq, ECOSOC-un toplantılarında iştirak etmək haqqına sahibdir. Umud Rəhimoğlu və BAMF bu imkandan yetərincə geniş istifadə edərək Azərbaycanın dərdlərini o yüksək tribunadan da layiqincə səsləndirir.

Əlbəttə, hər kəs belə şeyləri anlamaz və ya anlamaq istəməz gözəlim ölkəmdə…

Mission News Theme by Compete Themes.