Son yeniləmə: 17 Oktyabr 2022 17:27
Telman Nüsrətoğlu: Türkmənistanın da TDT-yə tamhüquqlu üzv olması ilə müstəqil, milli siyasətə üstünlük verilən müstərək türk birliyinin inşası prosesi olduqca önəmli hala gəlir
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə Avrasiya regionunda çox ciddi geosiyasi proseslər baş verir. Əlbəttə burada Avropa-Rusiya münasibətləri, Amerika-Rusiya qarşıdurması, Çin-Amerika qarşıdurması ayrı-ayrı kontekstdə ələ alınıb, dəyərləndiriləcək məsələlərdir. Amma region uğrunda, regionda yollara, ticarət yollarına, dəhlizlərə, starteji nöqtələrə, güzərgahlara nəzarət uğrunda çox ciddi mübarizə gedir. Təbii ki, bütün bu proseslərin cərəyan etdiyi açar regionun mərkəzində də türklər yerləşirlər”.
Bunu son prosesləri, o cümlədən türk dünyasındakı inteqrasiyanı BAYRAQDAR-MEDİA üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, Sakit Okeandan Aralıq dənizinə qədər uzanan arealda türk dünyasının və türk xalqlarının yenidən dirilişi prosesi cərəyan edir: “Önümüzdə çox böyük fürsətlər var. Amma eyni zamanda risklər də var. Ona görə atılan addımlar öncədən xüsusi dəqiqliklə hesablanmalı, bütün məsələlər nəzərə alınmalıdır. Bu mənada Türk Dövlətləri Təşkilatı (TDT) da diqqət mərkəzindədir”.
Türkmənistanın növbəti zirvə görüşündə TDT-yə tamhüquqlu üzv olması məsələsinə gəlincə, müsahibimiz deyib ki, bu quruma daxil olan ölkələr arasında ikitərəfli və üçtərəfli əməkdaşlıqlar genişlənir: “Ölkələrin əməkdaşlığı fonunda türk dünyasında dərin inteqrasiya prosesləri gedir. Güman edirəm ki, bu getdikcə daha da dərinləşəcək. Türkmənistanın da TDT-yə tamhüquqlu üzv olması ilə müstəqil, milli siyasətə üstünlük verilən müstərək türk birliyinin inşası prosesi olduqca önəmli hala gəlir. Bu mənada Şuşa Bəyannaməsi digər türk dövlətləri üçün də ciddi bir nümunədir və bu istiqamətdə fəaliyyətlər davam edir”.
“Bu məqamda qeyd edək ki, assimetrik müharibələr, köç hadisəsi mühəndisliyi, terror məsələsi, vəkalət savaşları daha adekvat bir təhlükəsizlik və müdafiə siyasəti tələb edir. Güman edirəm ki, vaxtı ilə Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın birlikdə formalaşdırdığı ortaq, müştərək qurum yaxın gələcəkdə TDT-nin hərbi və təhlükəsizlik müstəvisində daha sıx inteqrasiyasına səbəb olacaq”, – deyə, o vurğulayıb.
T.Nüsrətoğlu hesab edir ki, regionda baş verə biləcək proseslərə anında müdaxilə edə biləcək, həmçinin yolların, dəhlizlərinin təhlükəsizliyini təmin edə biləcək bir barış gücünün də qurulmasına ehtiyac var: “Cərəyan edən prosesləri müşahidə edərkən TDT daxilində belə bir gücün qurulması məsələsinin tezliklə gündəmə gələcəyinə şübhə etmirəm. Ümumiyyətlə, önümüzdəki yaxın illərdə TDT-nin daha da təkmilləşəcəyi gözlənilir. Heç şübhəsiz keçmiş SSRİ vaxtında Orta Asiyada süni surətdə formalaşdırılan sərhəd məsələləri də öz həllini tapmalıdır. TDT bu məsələlərin həlli üçün də təşəbbüsü ələ almalı, həmçinin, vahid arealda bir çox məsələləri paylaşaraq yaşamağı özünün əsas şüarı halına gətirməlidir. Burada enerjidən, su hövzələrindən və başqa milli zənginliklərdən söhbət gedir. Bir sözlə, görüləcək çox işlər var və əminəm ki, TDT bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edəcək”.