Press "Enter" to skip to content

Kənd qadınları üçün maraqlı və əlamətdar gün – FOTOLAR

Tədbirdən görüntü

Son yeniləmə: 17 Oktyabr 2022 16:01

BAYRAQDAR MEDİA – “Ötən həftə onların bayramı idi. Zəhmətkeş, süfrələrimizə min bir dad bəxş edən, əkən, biçən, tikən, toxuyan, bişirən – bir sözlə, yorulmaq bilmədən çalışan kənd qadınlarının! Həm də bir deyil, iki əlamətdar günü qeyd etdilər. Çünki 15 oktyabr Beynəlxalq Kənd Qadınları Günü, 16 oktyabr isə Dünya Ərzaq Günüdür. Bu münasibətlə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) PSA layihəsinin dəstəyi ilə Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində regional konfrans və sərgi-yarmarka keçirib.”

Bu cümlələr oktyabrın 17-də AKQA-dan BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdəndir.

Xəbərdə daha sonra deyilir: “AKQA 23 rayon üzrə 50 qadın inkişaf və müəssisə qrupunda 600 üzvü birləşdirir. Konfransa Tovuz, Gədəbəy, Goranboy, Ağdam, Beyləqan, Masallı, Lənkəran, Bərdə və Tərtərdə fəaliyyət göstərən 19 qrup, habelə rəsmi qurumların, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri qatılıb”.

“Azərbaycandakı bütün kənd qadınlarını təbrik edirik. Bugünkü tədbir sizin haqqınızdır! Kənd qadınları Azərbaycanda kənd təsərrüfatı və bir çox başqa sahələrdə hərəkətverici qüvvədir. AKQA ilə tərəfdaşlıq etməkdən və onun kənd qadınlarının həyatlarını sahibkarlıq və liderlik vasitəsilə dəyişdirmək missiyasını dəstəkləməkdən qürur duyuruq.” Xəbərdə deyilir ki, bu fikirlər USAID Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) rəhbəri Matt Veberə aiddir.

O da bildirilir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qadınların aqrar sahədə rolunun artırılması zərurətini vurğulayıb.

AKQA sədri Gülbəniz Qənbərova isə bildirib ki, “AKQA kənd qadınlarının məşğulluğunun təmin edilməsinə, iqtisadi imkanlarının genişlənməsinə, onların maliyyə resurslarına, satış bazarlarına çıxışlarının sürətlənməsinə çalışır. Beləcə kənd qadınlarının səsi cəmiyyətdə daha gur duyulacaq. Hər uğurlu qadın öz təcrübəsini, uğur tarixçəsini paylaşaraq bu prosesi regionlarda geniş təşviq etməlidir. Bayramlar isə bunu reallaşdırmaq üçün əla fürsətdir”.

Bayramları bayrama qatılan əməkçi qadınlar bu çağırışa həvəslə səs verərək uğur hekayələrini iştirakçılarla bölüşüb və mükafatlarla təltif olunublar.

Mission News Theme by Compete Themes.