Press "Enter" to skip to content

Hökumətdən Quzey Makedoniya vətəndaşlarına önəmli dəstək

Elvin Hasan

Son yeniləmə: 17 Oktyabr 2022 15:43

Elvin Hasan: Açıq Balkan layihəsi qlobal maliyyə böhranına qarşı birgə mübarizəyə də təkan verəcək

BAYRAQDAR MEDİA – Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya düzənində gərginlik ən yüksək səviyyəyə çatıb. Bu müharibənin ortaya çıxardığı mənfi fəsadlar demək olar ki, bütün ölkələri problemlər, yaxud yeni çağırışlarla baş-başa qoyub. Eyni zamanda, həm koronavirusun ortaya çıxardığı fəsadlar, həm də bu müharibənin fonunda meydana gələn qlobal maliyyə böhranı hazırda əksər Qərb ölkələrini ciddi şəkildə narahat edir. Hər bir ölkənin hökuməti ilk növbədə bu qışda meydana gələcək problemlərin öz vətəndaşlarına təsirini bacara bilindiyi qədər azaltmaq üçün addımlar atır. Bəs hər zaman öz etnik və siyasi kövrəkliyi ilə seçilən Balkanlarda bu baxımdan vəziyyət necədir?

Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Kurulunun üzvü olan Elvin Hasanın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də bu və digər suallara cavab tapmağa çalışdıq.

Serbiya qlobal maliyyə böhranından daha az əziyyət çəkən ölkələrdən biridir

Beləliklə, Balkanlardakı mövcud durumu dəyərləndirən E.Hasan öncə onu dedi ki, bölgəyə daxil olan bütün ölkələrdə hökumətlər qlobal maliyyə böhranının mümkün təsirlərinin azaldılması üçün addımlar atır, proqramlar reallaşdırır.

Konkret olaraq ayrı-ayrı dövlətlərə gəlincə, müsahibimiz dedi: “Bölgəmizdəki digər ölkələri dəyərləndirəcək olsaq, Kosovadan başlamaq istərdim. Kosovada Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi sabit bir hökumət var. Eyni zamanda Serbiya ilə Kosova arasında problemlərin həlli üçün önəmli addımlar atılır. Məhz bu addımlar özlüyündə digər məsələyə də dəstək olur. Söhbət Serbiyanın Avropa Birliyinə (AB) üzvlüyü məsələsindən gedir. Təsadüfi deyil ki, Kosova ilə problemin həlli istiqamətində atılan hər bir addım Serbiyanı AB-yə bir addım da yaxınlaşdırır. Məsələnin digər, sizin bəhs etdiyiniz qlobal maliyyə böhranı tərəfinə gəlincə, deməliyəm ki, hökumətin atdığı addımlar burda da müsbət nəticəsini göstərir. Serbiya qlobal maliyyə böhranından daha az əziyyət çəkən ölkələrdən biridir”.

Qərbi Balkanlar adlanan ölkələr AB yolunda inamlı addımlar atmaqdadır

E.Hasan deyib ki, Çernoqoriya da AB yolunda çox ciddi addımlarla irəliləməkdədir: “Bosniya və Herseqovinada oktyabrın 2-də keçirilən seçkilərdən sonra bu ölkənin AB-yə üzvlüyü daha da sürətlənəcək. Çünki qalib gələn partiyalar bu siyasətə üstünlük verirlər. Düzdür, daxildə qısa bir gərginlik müşahidə edildi. Bunun da səbəbi odur ki, Bosniya və Herseqovinanın daxilindəki Serb Respublikasında seçkilərdə qanun pozuntuları aşkarlanıb. Ona görə də səslər yenidən sayılır. Yəni Qərbi Balkanlar adlanan ölkələr AB yolunda inamlı addımlar atmaqdadır”.

Quzey Makedoniya hökuməti tərəfindən davamlı addımlar atılır

“Bəs qlobal maliyyə böhranından daha az itki ilə çıxmaq üçün Quzey Makedoniyada hansı addımlar atılır” sualına gəlincə, müsahibimiz aşağıdakıları bildirdi: “Bəlli olduğu kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal maliyyə böhranı bir çox ölkəyə dərindən təsir edib. Quzey Makedoniyada da inflyasiya 16-17 faizə yüksəlib. Hökumətimiz bunun nəticələrini aradan qaldırmaq üçün davamlı addımlar atır, xalqa yardım göstərir. Hökumətimiz o cümlədən, 350 milyon avroluq bir dəstək paketinin hazırlandığını bəyan etdi. Bu, Quzey Makedoniya vətəndaşları üçün çox ciddi bir dəstəkdir. Hökumətimiz elektrik enerjisi ilə bağlı yardımı etdi. Xüsusilə maddi durumu yaxşı olmayan ailələrə edildi bu yardım. Yeni paketə əsasən, ən az təqaüd alan təqaüdçülərə əlavə olaraq hər ay 50 avro dəyərində yardım veriləcək. Eyni zamanda məktəblərdə tədrisin davam etməsi istiqamətində enerji dəstəyi veriləcək. Bununla da qlobal maliyyə böhranının meydana gətirdiyi bir çox problemlərdən çıxış yolu tapılacaq”.

Açıq Balkan layihəsi tam sürətlə davam edir

Müsahibimiz vurğuladı ki, Quzey Makedoniya hökuməti problemlərin azaldılması üçün ciddi addımlar atmaqdadır: “Eyni zamanda marketlərdə ərzaqların qiymət artımının qarşısının alınması üçün addımlar atılmaqdadır. Qonşularımızda da hökumətlər bu cür paketlər hazırlayaraq vətəndaşlar üçün işlər görürlər. Açıq Balkan layihəsinə də imza atdıq. Bu layihə sayəsində, deyək ki, bir Quzey Makedoniya vətəndaşı Albaniya, Serbiya, Çernoqoriya, yaxud da Bosniya və Herseqovinaya səyahət etdiyi zaman roaming tariflərindən çox ucuz qiymətdə istifadə edəcək. Sanki öz ölkəsində olduğu kimi o qiymətlə danışacaq. Bu layihə ölkələr arasındakı insanların daha rahat səyahət etməsinə kömək olur. Nəqliyyat və logistikanı asanlaşdırır. Digər sahələrdə də imkanlar açır. Açıq Balkan layihəsi tam sürətlə davam edir. Hesab edirik ki, bu layihə qlobal maliyyə böhranına qarşı birgə mübarizəyə də təkan verəcək”.

Mission News Theme by Compete Themes.