Cavid Aydın: Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq 2022-2023-cü tədris ili üçün 27 azərbaycanlı tələbəyə burs verəcəyik
BAYRAQDAR MEDİA – “Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq bu şəhərdə təhsil alan tələbələr üçün davamlı olaraq nələrisə etməyə çalışırıq. Ehtiyacı olan tələbələrə bursun (tələbə təqaüdü) verilməsi də bu sıradadır. Bu il də dediyim istiqamətdə mühüm addım atdıq. Cəhdlərimiz, apardığımız danışıqlar hədər getmədi. Nəticədə Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq 2022-2023-cü tədris ili üçün 27 azərbaycanlı tələbəyə burs verəcəyik. Artıq bununla bağlı ilkin mərhələ arxada qalıb. Tezliklə tələbələrimiz burslarını alacaqlar”.
Bunu BAYRQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın dedi.
Onun sözlərinə görə, bu təqaüdlərin ayrılmasında keçmiş Eskişehir məzunları və xeyirxah iş adamları dəstək olublar: “Bizə bu müqəddəs işdə dəstək olanlar daha öncəki illərdə Eskişehirdə oxuyub getmiş məzunlarımız və iş adamları, istər Azərbaycanda, istərsə də Türkiyədə yaşayan dəyərli dostlarımızdır. Onu da deyim ki, tələbələrə burs verəcək məzunlarımızdan ikisi hətta iki dəfə burada təhsil alıb. Sağ olsunlar ki, onlar bu gün də yanımızdadırlar”.
C.Aydın onu da bildirdi ki, burs almaq üçün müəyyən qaydalar, şərtlər var: “Bakalavr təhsili alan bütün kurslardan, həmçinin magistr təhsili alanlar arasında ancaq birinci kursda oxuyan və ehtiyacı olan, o cümlədən bəlli şərtlərə əməl edən azərbaycanlı gənclər burs alacaq. Şərtlərimiz budur ki, bursu birinci ehtiyacı olan, dərslərində uğuru olan, həmçinin Azərbaycan məsələlərində və dərnək fəaliyyətlərində fəal olan tələbələrə veririk. Beləliklə, öncədən elan etdik. Burs almaq istəyən tələbələr tərəfindən müraciətlər, tələb olunan sənədlər qəbul edildi. Sonrakı mərhələdə isə bu müraciətlər xüsusi həssaslıqla nəzərdə keçirildi və 27 nəfər müəyyən olundu”.
O da qeyd olundu ki, dərnək tərəfindən hər üç aydan bir monitorinq aparılacaq: “Bu monitorinqlərin məqsədi burs alan tələbələrin təhsil və fəallığını daim diqqətdə saxlamaqdır. Yəni istəyirik ki, bizdən burs alanlar arxayınlaşmasınlar. Həm təhsildə, həm də ictimai işlərədə öndə gedənlərdən olsunlar. Ona görə də sizin vasitənizlə bəyan edirəm. Monitorinq zamanı tələblərin pozulduğu aşkar edilərsə o zaman həmin tələbənin bursu kəsiləcək və ehtiyacı olan digər tələbəyə veriləcək. Göstəriciləri yaxşı qalanlar isə təqaüd almaqda davam edəcək”.