Gülxar RƏHİMLİ, “Xaçmaz“ qəzeti. Xüsusi olaraq BAYRAQDAR MEDİA üçün
BAYRAQDAR MEDİA – Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.
XXI əsrin tələbləri baxımından Azərbaycan vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir.
Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsil alanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?
Məhz bu sualla üz tutduğumuz təhsil müəssisəsi Xaçmaz şəhərindəki Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb oldu. Təhsil müəssisəsinin direktoru Daxil Qurbanov böyük məmnuniyyətlə suallarımızı cavablandırdı. Onunla söhbət apardığımız zaman məktəbdə aparılan təhsil islahatları, göstəricilər və əldə edilən nailiyyətlər haqqında məlumat verdi.
Necə deyərlər, uğur uğur gətirir
“Öncədən qeyd etmək istəyirəm ki, məktəbimizdə şagirdlərin təlim-tərbiyəsi və tədrisin keyfiyyətli aparılması üçün normal mühit formalaşıb. Ümumiyyətlə, ötən il məktəb və kollektivi üçün uğurlu olub. Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də böyük önəm verir. Bu, yeni məktəb binalarının tikintisində, köhnə binaların əsaslı təmir olunmasında özünü göstərir.
“Ötən tədris ilində bizim məktəb də əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verildi. Burada bütün infrastruktur yenilənib, Avropa standartlarına cavab verən avadanlıqlarla təmin olunub. Belə yüksək şəraitli məktəbdə təhsil almağın da müsbət nəticəsi olmalıdır. Şagirdlər yaxşı oxumalı, məktəbin əvvəlki adını qoruyub saxlamalıdır”, deyən məktəb direktoru D.Qurbanov bildirdi ki, şagirdlər 2021-2022-ci tədris ilini uğurla başa vurub. Məktəbin məzunlarından 45 nəfər ali, 10 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub.
Uğurlarımız davamlı oldu
Direktor daha sonra bildirib: “Ötən il 5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə məktəbimizin müəllimi Nüşabə Yolçuyeva “Əməkdar müəllim” adına layiq görüldü”.
“2022-2023-cü tədris ilində isə məktəbimizin ingilis dili müəllimi Xuraman Bayramova “Əməkdar müəllim” adına layiq görüldü. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə verilən bu ad təkcə bir müəllimə deyil, məktəbimizin kollektivinə göstərilən etimaddır. Biz də işimizi günün tələblərinə uyğun qurur, göstərilən etimadı doğrultmağa çalışırıq.
“Azərbaycanda ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlayan kurikulum artıq öz nəticəsini verməkdədir. Onun mahiyyəti haqqında yanaşmalar müxtəlif olsa da bu, günün tələbləri ilə uzlaşır. Dərslərin təşkili, qrup işləmələr şagirdin bilik səviyyəsini daha da artırır.
“Məktəbdə aparılan köklü dəyişikliklər və islahatlar şagird-müəllim münasibətlərini də üzə çıxarır. Ötən tədris ilində Respublika fənn olimpiadalarında iştirak etmiş şagirdlərimizdən Ayan Mirzəyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat”la Respublika birincisi olub.” Bu sözlər də D.Qurbanova aiddir.
D.Qurbanov söhbətin sonunda vurğuladı ki, “Bir müəllim kimi üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq tapşırıqlarını yerinə yetirərək təhsildə aparılan islahatlara öz töhfəmizi verəcəyik”.
Şagirdlərin vətənpərvər ruhda yetişməsi üçün də əlimizdən gələni əsirgəmirik
“2020-ci ilin 44 günlük Vətən müharibəsində də məktəbimizin məzunları qəhrəmancasına iştirak etmiş, onlardan 4 nəfəri – Rauf Babayev, Anar Mürsəliyev, Kərəm Veyisov, Davud Hacıyev şəhidlik zirvəsinə ucalmışdır. Məzunlarımızın şəhid olması hər birimizi kədərləndirsə də qürurlanırıq ki, 30 illik əsarətdə olan torpaqların azad olunmasında onların da misilsiz payı var.
“Respublikamızda elə bir məktəb yoxdur ki, məzunlarından şəhid olanı olmasın. Çünki hamımız məktəb partası arxasından çıxmışıq və bu savaşda hər birimiz o yüksək ada – şəhid adına layiq ola bilərdik.
“Kollektivimiz daim şəhid ailələri ilə əlaqə saxlayır, onları tək qoymur. Bu, bizim mənəvi borcumuz, ümdə missiyamızdır”, – deyə direktor bildirir.
Sözardı: Müdrik kəlamda deyildiyi kimi, hər şey yoldan başlayır… Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir. D.Qurbanov başda olmaqla C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin pedaqoji kollektivinə əməli işlərində uğurlar diləyirik.