Prof. Dr. Nejat Bora Sayan: Bu qələbədən sonra gördüm ki, azərbaycanlı qardaşlarım daha xoşbəxt və qürurlu addımlayırlar
BAYRAQDAR MEDİA – “Mən Azərbaycana 2000-ci illərdən gəlib-gedirəm. Öncə onu deyim ki, hər gəldiyimdə Azərbaycanın daha da inkişaf etdiyinin şahidi oluram. Bu mənə çox qürur verir. Amma Vətən müharibəsinə qədər bir şeyi də müşahidə edirdim. Görürdüm ki, nə qədər inkişaf, tərəqqi, uğur olsa da hər bir azərbaycanlı Qarabağın işğaldan azad olunmasını arzu edir”.
Bunu BAYRAQAR MEDİA-ya özəl müsahibəsində Türk-Yapon Vəqfinin başqanı Prof. Dr. Nejat Bora Sayan dedi.
Məlumat üçün bildirək ki, Prof. Dr. Nejat Bora Sayan Türkiyədə tanınmış, həm də kökləri Azərbaycana bağlı olan nəslin təmsilçisidir. Söhbət, həyatını türklük-azərbaycançılıq ideyasına həsr etmiş Ali Ekber Tufanın nəslindən gedir. Oxucularımıza xatırladaq ki, İğdır, Kars, Ardahan, Ağrı və Erzurumun türk torpaqları olaraq qalması üçün mübarizə aparan milli ideoloqlarımızdan biri Ali Ekber Tufan 1870-ci ildə tarixi türk torpağı olan İğdıra bağlı Meleklidə dünyaya göz açıb. Bölgədə xüsusi nüfuzu olan Ramazanoğlu ailəsinə mənsub olan Ali Ekber Tufan Zaqafqaziya Seyminin İğdır millət vəkili, eyni zamanda Difai gizli təşkilatının (1905) üzvü, Cemiyet-i Xeyriyyeyi İrevanın İğdır təmsilçisi (1910) vəzifələrində çalışıb. 1917-1920-ci illərdə İğdır Milli Hökumətinin sədri olub.
Bu nəslin davamçıları qardaş Türkiyədə müxtəlif, o cümlədən siyasət, diplomatiya, ordu quruculuğu və səhiyyə sahələrində uğur qazanıblar. Elə müsahibimiz də ixtisasca həkimdir. Prof. Dr. Nejat Bora Sayan həm Türkiyədə, həm də Azərbaycanda diş xəstəlikləri ilə mübarizə məsələlərində dəyərli xidmətlər göstərib.
Məhz bu birlik və qətiyyət sayəsində də torpaqlar erməni işğalından azad edildi
Beləliklə, sözünə davam edən müsahibimiz qeyd etdi ki, başda cənab Prezident İlham Əliyev olmaqla 7-dən 77-yə hər bir azərbaycanlı işğal altındakı torpaqların düşmən işğalından azad olunması üçün əlindən gələni edirdi: “Necə ki, Azərbaycan xalqı, başda cənab Ali Baş Komandan olmaqla rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı etdi. Həmin günlər bütün dünya Azərbaycanda ordu-xalq-prezident birliyinin şahidi oldu. Məhz bu birlik və qətiyyət sayəsində də torpaqlar erməni işğalından azad edildi. Bu qələbədən sonra Azərbaycana gələndə tamamilə başqa əhval-ruhiyyənin şahidi oldum. Bu qələbədən sonra gördüm ki, azərbaycanlı qardaşlarım daha xoşbəxt və qürurlu addımlayırlar. Bu da məni çox sevindirdi”.
Şuşanın azad olunması ilə qəhrəman Azərbaycan Ordusunun misilsiz bir tarix yazdığını deyən müsahibimiz əlavə etdi ki, bu qələbə barədə uzun illər, hətta əsrlər boyu danışılacaq: “Biz Şuşanın işğaldan azad olunması xəbərini eşidəndə sevincimizdən az qalırdı ürəyimiz partlaya. Bu, sıradan bir məsələ deyildi axı. Şuşanın nəinki Azərbaycan, eyni zamanda türk dünyasında ayrı bir yeri var. Bunu anlatmaq çox çətindir (gözləri yaşarır – N.A.). Bu hissləri kəlmələrə tökmək çox çətindir. Biz, əslində, Bakıya son səfərimiz zamanı Şuşaya da gedəcəkdik. Türkiyədəki qohum-əqrabalar Şuşada çoxlu şəkillər çəkdirməymizi istəmişdi. Bunu gözləyirdilər. Bu şəkillər vasitəsilə onlar da sanki bizimlə bərabər Şuşanı ziyarət etmiş olacaqdılar. Lakin təəssüflər olsun ki, Allah bu dəfə Şuşaya səfər etməyi qismət etmədi. İnşallah, bir sonrakı səfərdə Şuşaya da gedərik”.
Biz belə bir qəhrəman kişinin nəslindənik
Müsahibəsində Ali Ekber Tufanla bağlı məqamlara da toxunan Prof. Dr. N.B.Sayan dedi: “Biz iğdırlıyıq. Mənim atamın əmisi Ali Ekber Tufan İğdırda anadan olub. 1918-1920-ci illərdə, ən gərgin dönəmdə İğdır Milli Cümhuriyyətinin rəhbəri olub.
Sonra İğdır İcra Komitə başqanı olub. İttihad və Tərəqqi Partiyasında, Müsavat Partiyasında olub. Difai gizli təşkilatının yaranmasında yaxından iştirak edib. Həmçinin, “İttihadi İslam Türk Birliyi” Cəmiyyətində, Türk Ocaqlarında olub. O illərdə xeyli miqdarda kağız pulu və Azərbaycandan toplanan qızılları Doğu Bayazitdə gözləyən türk ordusundan Orbay paşaya təhvil verib. Yəni biz belə bir qəhrəman kişinin nəslindənik. Bizim ailəmiz Ramazanoğlu ailəsidir ki, SSRİ-də də Ramazanov soyadı verilib”.
Azərbaycanlı olmaq hamımızın xoşbəxtliyidir
Prof. Dr. N.B.Sayan dedi ki, ana babası da Bakıətrafı kəndlərdən köçüb Türkiyəyə gedənlərdəndir: “Biz Azərbaycanı ürəyimizdə yaşadırıq. Azərbaycan mədəniyyəti ilə, Azərbaycan sevdası ilə böyüdük. 1991-ci ildə SSRİ dağılandan sonra isə nəslimizin nümayədələri bura gəldi. Mən özüm 2000-ci illərdə gəlmişəm. Çünki 1991-ci ildə Yaponiyada idim. Yaponiyadan Türkiyəyə dönəndən dərhal sonra – 2000-ci ildə bura gəldim. Səhiyyə sahəsində dəstək verdim. Diş həkimliyi ilə bağlı tədrisə, həmçinin Mərkəzi Klinik Xəstəxanada diş klinikasının qurulmasına dəstək verdim. Orada mənim adıma bir otaq da yaradılıb. Bir sözlə, Azərbaycana köməklik etməyə hər zaman hazırıq. Azərbaycanlı olmaq hamımızın xoşbəxtliyidir. Azərbaycan sevdamız gerçəkləşdi. Bundan sonrakı arzumuz da, Bakıdakı simpoziumda çıxış edərkən dediyim kimi, doğulduğum İğdırdan avtomobillə yola çıxıb, Zəngəzurdan keçib Bakıya gəlməkdir”.
Bakıya son səfərinə də toxunan müsahibimiz bildirdi ki, sentyabrın 15-də Bakıda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADƏHF) və Azərbaycan Türk Evinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Köklü keçmiş, güclü gələcək – Türkiyə-Azərbaycan əlaqələrinin dünəni, sabahı” adlı simpozium keçirildi: “Ulu öndər Mustafa Kemal Atatürkün bir kəlamı vardı: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Biz də bura Azərbaycanın sevincini paylaşmağa, kədərinə şərik olmağa gəlmişdik. Fürsətdən istifadə edib belə gözəl tədbirin təşkilinə görə TADƏHF-in rəhbəri, Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Aygün Attar xanıma təşəkkür edirəm.
“Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu səfərimiz Ermənistanın növbəti hərbi təxribatı dövrünə təsadüf etdi. Növbəti dəfə Azərbaycanın kədərinə şərik olduq. Qardaşımızın kədəri də bizim kədərimizdir. Mən Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin ruhu şad olsun deyirəm”.
“Türk dünyası hansı sahələrdə daha da bir olmalıdır” sualını isə müsahibimiz aşağıdakı şəkildə cavablandırdı: “Bu sualınıza cavab olaraq mən iki il öncə, hələ Qarabağ işğaldan azad edilməmiş bir dövrdə yenə də azərbaycanlı jurnalistlərdən birinə verdiyim müsahibədə səsləndirdiyim fikri təkrar demək istəyirəm. O zaman demişdim ki, Türkiyə-Azərbaycan birliyi gələcəkdə bütün türk dövlətləri arasındakı birlik, həmrəylik və tərəqqinin əsasını təşkil edəcək. Bu özünü bütün sahələrdə göstərəcək. Bizim ortaq dinimiz, mədəniyyətimiz, dilimiz var. Dolayısı ilə inanıram ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan bu gözəl birlik gələcək illərdə də davam edəcək. Davam edərkən digər türk dövlətlərinin də bu birliyə qoşulması ilə dünyada NATO, keçmiş SSRİ kimi bir ittifaq formalaşa biləcək. Bu da hər birimizin arzuladığı bir şeydir”.
Türkiyə-Yaponiya münasibətlərində çox önəmli yerimiz var
Rəhbərlik etdiyi Türk-Yapon Vəqfinin fəaliyyətinə gəlincə, Prof. Dr. N.B.Sayan dedi ki, 1993-cü ildə qurulan təşkilat ötən müddətdə mühüm işlərə imza atıb: “Vəqf olaraq Türkiyə-Yaponiya münasibətlərində çox önəmli yerimiz var. Yaponiya İmperator ailəsinin üzvləri Altes şahzadəsi Takahito Mikasa, şahzadə Tomohito Mikasa və şahzadə Akiko Mikasa Vəqfimizdə olub.
“Eləcə də Türkiyəyə səfər edən Yaponiyanın bütün baş nazirləri, həmçinin bir çox nazirləri, Yaponiya-Türkiyə Parlament Qrupunun üzvləri Vəqfimizi ziyarət edib. Məhz bunun nəticəsidir ki, 2005-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin mükafatını, 2015-ci ildə isə bu ölkənin ali mükafatlarından olan Yapon İmperatorluq medalını aldım. Həmin tədbirdən sonra daha bir qürurverici hadisə yaşandı.
“Həmin il Osaka Universitetində Nejat Bora Sayan Simpoziumu təşkil olundu. Məni, həyat yoldaşımı və eyni universitetə göndərdiyim beş tələbəmi tədbirə dəvət etdilər. Məncə, bir alim üçün bundan gözəl uğur ola bilməz. 2013-cü ildə Yaponiya ilə hazırkı Cümhurbaşqanımız Recep Tayyip Erdoğan və Yaponiyanın Baş naziri cənab Şindzo Abe tərəfindən imzalanmış Birgə Bəyannamədə də Vəqfimizin əhəmiyyətindən və onun dəstəyinə ehtiyacdan bəhs edilmişdir”.