Son yeniləmə: 13 Oktyabr 2022 15:24
BAYRAQDAR MEDİA – KKTC-nin hakim partiyası olan UBP-nin 47 yaşı tamam olub. Bu günlərdə KKTC-də bununla bağlı müxtəlif tədbirlər keçirilir.
Elysium Parkında isə mərkəzi tədbir keçirilib.
Tədbirdə çıxış edən Cümhurbaşqanı Ersin Tatar UBP-nin 47-ci ildönümündə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, partiyanın qurucusu və KKTC-nin banisi Rauf Raif Denktaşın və 47 il əvvəl UBP-ni quran silahdaşlarının xatirəsini yad edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Məlumata əsasən, yarım əsrlik dönəmdə KKTC-nin bütün sahələrdə inkişafı və güclənməsi üçün çalışan bütün UBP üzvlərini təbrik edən E.Tatar, KKTC-yə inanmağın və Ana Vətən Türkiyə ilə ən yaxşı əlaqələri davam etdirməyin UBP üzvlərini bir-birinə bağlayan iki amil olduğuna diqqət çəkib.
E.Tatar, UBP-nin bu ölkənin sığortası və təməl daşı olduğunu ifadə edərək, partiyanın uğurunun KKTC-nin uğuru olaraq ortaya çıxacağını qeyd edib.
Özünün də partiyanın bütün səviyyələrində çalışmış bir şəxs olduğunu dilə gətirən E.Tatar partiyadaşlarının dəstəyi ilə Cümhurbaşqanı olduğunu və o gündən bəri birlikdə mübarizə apardıqlarını, qeyri-adi tarixi hadisələrin şahidi olduqlarını söyləyib.
O, son illərdə baş verən hadisələri və yeni siyasətlərini dünyaya elan etməkdən qürur duyduqlarını da bəyan edib.