Son yeniləmə: 13 Oktyabr 2022 09:38
BAYRAQDAR MEDİA – Qırğızıstanda fəaliyyət göstərən Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, birliyin sədri Xansuvar Baxşəliyevin adından Birləşmiş Millətlər Təşkilatına, Avropa İttifaqına, Avropa Parlamentinə və Avropa Şurasına ünvanlanan müraciətdə Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi qiymətləndirilən bu hadisənin Bişkekdə yaşayan soydaşlarımızın dərin hiddətinə səbəb olduğu qeyd edilib: “Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğu, Ermənistanın indiyədək 4 minədək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığı, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığı nəzərə çatdırılıb”.
Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı törətdiyi çoxsaylı hərbi cinayətlərə diqqəti cəlb edən birliyin sədri beynəlxalq təşkilatları cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.