BAYRAQDAR MEDİA – “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən bildirilib ki, növbəti təqdimat Şuşanın ən sevimli oyunlarından olan – ənənəvi Qarabağ atüstü oyunu Çövkən oyununa həsr olunub.
Qeyd edilib ki, Çövkən, bəzən çovqan – at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. “Çövkən” sözü bəzi Azərbaycan mənbələrində “ağaccıq” kimi işlədilmişdir: “Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış çövkən adlanılan alətdir. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunurdu. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir”.
Məlumata əsasən, Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artıb, Şuşada Cıdır düzündə çövkən yarışları keçirilib: “Qarabağda bu oyun ötən əsrin 80-ci illərinin axırına kimi məşhur olub. Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib”.