Press "Enter" to skip to content

İlham Əliyev üçün “Sən gəlməz oldun”

Azər Həsrət

BAYRAQDAR MEDİA – Yəqin ki, diqqətli oxucularımız fikir verib. Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə “Manas” Beynəlxalq Hava Limanında qarşılanması zamanı kiçik bir konsert proqramı da oldu. Proqramda qomuzçular qırğız musiqisi ilə yanaşı Azərbaycanın çox məşhur “Sən gəlməz oldun” musiqisini də ifa etdilər. O da diqqət çəkdi ki, hər iki prezident bu ifalardan çox məmnun idi.

Maraqlıdır, bəs niyə Qırğızıstan tərəfi Azərbaycan Prezidentini məhz bu ifa ilə qarşılamaq qərarına gəlib? İlk baxışdan demək olar ki, bu, bir məşhur mahnıdır, hətta mümkündür ki, qırğız qardaşlarımız İ.Əliyevin bu mahnıya tutqusunu müəyyən edib və ona sürpriz hazırlayıblar.

Mümkündür.

Amma şəxsən mənim fikrim tamam başqadır. Bəlkə də yanılıram, lakin aşağıda verəcəyim izah haqsız olmadığıma dəlalət edəcək.

Bəllidir ki, bu, Prezident İ.Əliyevin qardaş Qırğızıstana ilk dövlət səfəridir. Uzun illər idi ki, qırğız qardaşlarımız Azərbaycan Prezidentini qonaq etmək üçün çalışırdılar. Onlar həqiqətən də Azərbaycana, onun Prezidentinə çox dəyər verirlər. O baxımdan İ.Əliyevin o ölkəyə səfər etməməsi qardaşlarımızı çox tədirgin edirdi.

Əlbəttə, biz də bu səfərin olmasını arzu edirdik. Əlimiz çatan, sözümüz keçən yerlərdə belə bir səfərin mümkün qədər tez olmasını arzu etdiyimizi deyirdik. Və anlayışla qarşılanırdıq.

İndi səfər baş tutdu. Hələ ki, ilk gününü müşahidə etdiyimiz səfər olduqca möhtəşəmdir. Həm Azərbaycanda, həm də Qırğızıstanda ictimai rəy məhz bu səfərə köklənib.

İlham Əliyevin Qırğızıstan səfərinin ilk günü məhsuldar olub

İstər Qırğızıstan Prezidenti Sadır Caparovun ali qonağa şəxsən göstərdiyi sayğı, istərsə də qırğız ictimai rəyinin bu səfəri təqdir etməsi bir daha onu göstərir ki, qardaş ölkədə Azərbaycan Prezidentini həqiqətən də çox sevirlər, həmişə görmək istəyirlər.

Amma…

Amma uzun illər idi ki, qardaş Qırğızıstan bu səfərin baş tutmasını gözləyə-gözləyə qalmışdı. Alınmırdı səfər. Hətta bir neçə dəfə İ.Əliyevin Qırğızıstana səfər edəcəyi haqqında şəxsən özüm məlumat almışdım. Amma ictimailəşdirməyə qorxurdum ki, yenə də alınmaz…

Alınmaması da səbəbsiz deyildi. Çünki Azərbaycanın özəlliklə də Bişkekdəki səfirliyi belə bir səfərin təşkili üçün gərəkli şəraiti yarada bilmirdi. Yaxud da yaratmırdı. Təbii ki, İ.Əliyev də alayarımçıq hazırlıqlı bir səfərə gedə bilməzdi.

Və məsələyə Qırğızıstan Prezidenti S.Caparov şəxsən əl qoyduqdan sonra səfər alındı!

2021-ci ildə uzun aradan sonra Qırğızıstan Azərbaycana səfir təyin etdi. Yeni səfir, özünün diplomatik fəaliyyəti ilə qısa müddətdə Azərbaycanda yaxşı mənada ad çıxaran Kayrat Osmonaliyev az müddətə böyük işləri bacardı. Hələ onu da nəzərə alaq ki, məhdud resurslar hesabına. O, hər şeydən öncə Qırğızıstanı Azərbaycanda yenidən tanıda bildi. Üstəlik, illərdir soyuq olan münasibətləri yoluna qoymağı bacardı. Ardından da Azərbaycan özünün Bişkekdəki səfirini dəyişməklə yeni bir mərhələnin əsasını qoydu.

Sonra da Prezident S.Caparov Azərbaycana səfər etdi. Bir neçə ay öncə olmuş bu səfər həm Azərbaycanda, həm də qardaş Qırğızıstanda təntənəylə qarşılandı. Möhtəşəm qarşılanma, möhtəşəm proqram oldu. Bu isə bizdə Qırğızıstanla bağlı yeni ümidlərin cücərməsinə səbəb oldu.

İndi isə artıq Prezident İ.Əliyev qardaş ölkədədir. Onu “Sən gəlməz oldun” mahnısı ilə qarsalayırlar. Bununla qırğız qardaşlarımız bir daha demək istəyir ki, biz sizi uzun illərdir görmək istəyirdik. Amma gəlib çıxa bilmirdiniz. Yəni o mahnı onun üçün ifa edildi.

Prezidentlər qomuzçuların ifasını dinlərkən
Prezidentlər qomuzçuların ifasını dinlərkən

Sözümüzün canı odur ki, türk dövlətlərinin hər birində Azərbaycan Prezidentini, biz Azərbaycanlıları görmək istəyirlər. Özü də tez-tez. Onlar bizə ürəkdən bağlıdırlar, sadiqdirlər. Biz isə bəzən onlara haqq etdikləri dəyəri vermirik, arxa çeviririk, sonra da deyirik ki, Qarabağ savaşımızda niyə yanımızda olmadılar?

Amma görünən odur ki, Prezident İ.Əliyev bizdən də artıq bunun fərqindədir və mümkün olduqca qardaş ölkələrə səfərlər edir. Bu səfərlər də səfər xatirinə deyil. Belə səfərlər qardaş türk dövlətləri ilə münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Bəs biz nə istəyirdik? Elə bunu istəyirdik. Prezident İ.Əliyev bunu edirsə, biz niyə onun arxasında durmağa davam etməyək?

Və “Sən gəlməz oldun”…

Mission News Theme by Compete Themes.