Son yeniləmə: 12 Oktyabr 2022 14:58
BAYRAQDAR MEDİA – Beynəlxalq Qızlar Günü münasibətilə “Dünya qızların gözü ilə” adlı hakaton müsabiqəsinin final mərhələsi keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, final mərhələsində elm və təhsil naziri Emin Əmrullayev, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, UNICEF Azərbaycanın Təhsil proqramının rəhbəri Leyla Həsənova və STEAM layihəsinin rəhbəri İqrar Nəzərov iştirak edib.
Final mərhələsinə 3 mükafatçı komanda olmaqla ümumilikdə 29 iştirakçı qatılıb: “Üç münsif tərəfindən aparılan qiymətləndirmə nəticəsinə uyğun olaraq I, II, və III yerlər üzrə qaliblər müəyyənləşdirilib. Sonda qaliblərə sertifikat təqdim olunub”.
Qeyd edilib ki, Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında imzalanmış “2021-2025-ci illər üzrə ölkə proqramından irəli gələn İllik Fəaliyyət Planı”na əsasən UNICEF və STEAM Azərbaycan layihəsinin əməkdaşlığı çərçivəsində “Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” proqramının tətbiqinə başlanıb: “Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçirilən proqramın əsas məqsədi qadın müəllimlər və qız şagirdlərdə STEAM təhsili, həmçinin rəqəmsal bacarıqların inkişaf etdirilməsi, onların gələcəkdə bacarıqlı mütəxəssis kimi yetişməsinə töhfə verilməsidir. Layihə çərçivəsində qeyd olunan bölgələrdən seçilən 10 qadın müəllim 5, 6, 7, 8-ci siniflərdə təhsil alan 124 qız STEAM mərkəzlərində mexatronika, 3D çap və modelləşdirmə, mühəndislik, TinkerCAD, Micro:bit modulları üzrə təlimlərə cəlb olunub. Bununla yanaşı, təlimlərdə iştirak edən qızlar STEAM layihəsinin təşkilatçılığı ilə təşkil olunmuş hakaton müsabiqəsinə cəlb olunub”.