Son yeniləmə: 12 Oktyabr 2022 14:23
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi 15 oktyabr 2022-ci il tarixində saat 10:00-da keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 12-də qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, imtahan paytaxtdakı 20 nömrəli məktəb-liseyin (ünvan: Yasamal rayonu, Parlament prospekti 7/11) inzibati binasında təşkil olunacaq: “Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul istəyən 296 nəfər sənəd verib. İdarə tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirildikdən sonra 259 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib”.
Qeyd edilib ki, imtahanda namizədlərə 40 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt veriləcək: “Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir. Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir”.