Son yeniləmə: 12 Oktyabr 2022 16:24
Məcid Cavadi: Bu bölünmənin zamanın şərtlərinə uyğun olaraq aradan qaldırılması bizim milli borcumuzdur
BAYRAQDAR MEDİA – “Bu gün Gülüstan müqaviləsinin imzalanmasından 209 il keçir. Düz 209 il əvvəl – 1813-cü il oktyabrın 12-də imzalanan bu müqavilə ilə Azərbaycan iki yerə parçalandı. Qacar türk imperiyası ilə Çar Rusiyası arasında imzalanan bu müqavilə bir xalqın ayrılıq faciəsinin əsasını qoydu”.
Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Onun sözlərinə görə, o dönəmdə Qacar türk imperatorluğunda türklər hakim idi: “Nə yazıq ki, o gün bu türk dövləti məğlub oldu və vətənimizin Quzey hissəsinin rusların əsarəti altına düşməsi ilə nəticələnən müqavilə imzalandı. Ondan bir müddət sonra isə Qacar dövlətinin yıxılması ilə Azərbaycanın Güneyi də faktiki olaraq müstəmləkə idarəçiliyi altına düşdü. Bununla da Azərbaycanın həm Quzeyində, həm də Güneyində milli hakimiyyətimizi itirdik”.
M.Cavadi deyib ki, bu gün artıq dünya düzənində və regionda tamamilə başqa ovqat mövcuddur: “Allaha şükürlər olsun ki, Vətənimizin Quzeyi müstəqildir. Dövlətimiz var, bayrağımız qürurla dalğalanır. Yaxın keçmişdə şanlı Zəfər əldə etdik və xalqımızın, dövlətimizin bu gün dünyada başı ucadır. Güneydə də milli mücadiləmiz davam edir. Güney Azərbaycanda müstəmləkəçilik idarəçiliyinə son qoymaq üçün mübarizə bu gün həmişəkindən daha güclü şəkildə aparılır. Azərbaycan bölünmüş bir vətən – bölünmüş bir xalqdır. Bu, tarixi faktdır. Bu bölünmənin zamanın şərtlərinə uyğun olaraq aradan qaldırılması da bizim milli borcumuzdur”.