Elin Süleymanov: Azərbaycan və Ermənistan sülh sazişini müzakirə edərkən, bizim Qərb tərəfdaşlarımız birbaşa danışıqları və sülh sazişinə doğru irəliləyişi təşviq etməlidirlər
BAYRAQDAR MEDİA – Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanovun məşhur qəzet “The Telegraph”da “Qafqazda sülhün bərpası” adlı məqaləsi çap olunub.
Azərbaycan Böyük Britaniya üçün strateji əhəmiyyətli ölkədir
Səfrilikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “The Telegraph” qəzetinin redaksiya heyəti məqalədə Azərbaycanı Böyük Britaniya üçün strateji əhəmiyyətli ölkə kimi təqdim edib.
Məlumata əsasən, məqalədə Azərbaycanın dünyada həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə dövlət kimi yerləşməsi, Avrasiyanın üzləşdiyi təlatüm və qarışıqlıqlar zamanı əhəmiyyətinin artması vurğulanıb: “Azərbaycanın Cənubi Qafqazın yenidən Asiya ilə Avropa arasında həyati əlaqə, enerji müxtəlifliyi üçün əsas mənbə, Mərkəzi Asiyaya giriş qapısı kimi meydana çıxdığı bildirilib. Ətraf regionda baş verən hadisələr fonunda Cənubi Qafqazın strateji əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərində sentyabr ayında baş verən döyüşlər bölgədə sülh və təhlükəsizliklə bağlı narahatlıqları artırır. Belə ki, Avropa Bilriyinin (AB) səylərinin davamı olaraq, ABŞ öz növbəsində, dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanı isə azərbaycanlı və erməni həmkarları ilə bir araya gətirərək ciddi diplomatik gedişlər etmiş oldu”.
Əsas məsələ regionda davamlı sülhün və normallaşmanın təmin edilməsidir
Səfir məqaləsində bildirib ki, SSRİ-nin dağılmasından sonrakı otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının qeyri-qanuni işğalı və mülki azərbaycanlı əhalinin yurd-yuvalarından didərgin düşməsi, regionda inkişaf və sabitliyə başlıca çətinlikdir: “2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı qalan əsas məsələ regionda davamlı sülhün və normallaşmanın təmin edilməsidir. Hərbi əməliyyatların dayandırılmasından dərhal sonra Azərbaycan normallaşma istiqamətində addımlar atdı və o vaxtdan ərazi bütövlüyünün qarşılıqlı tanınması, iqtisadi əlaqələrin bərpası və sərhədlərin müəyyənləşdirilməsini özündə əks etdirən sülh sazişi istiqamətində beş bəndlik yol xəritəsi işləyib hazırlayıb”.
Coğrafiyamız kimi taleylərimiz də bir-birinə bağlıdır
Məqalədə Ermənistanın Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalamasına baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməkdə nəzərəçarpacaq irəliləyiş əldə etməkdə çətinlik çəkdiyi qeyd olunub: “Bu gün vəziyyət kəskin şəkildə fərqlənir. Ermənistanın yeni liderləri var. Bununla belə, sülhü qəbul etməkdə tərəddüdün əks-sədaları hələ də görünür. Keçmiş prezidentin Ermənistanın müstəqil qalmalı və ya Rusiyaya vahid dövlətdə birləşməsi sualından tutmuş hazırkı Baş nazirin BMT-dəki son çıxışı zamanı “Hamlet”ə istinad etməsinə qədər, əsas məsələ təkcə konkret sülh sazişinin qəbulu deyil, Ermənistanın regionda yerinin və gələcəyinin aydın olmamasındadır. Bu, təbii ki, bütün regiona təsir edir, coğrafiyamız kimi taleylərimiz də bir-birinə bağlıdır, qonşuluq sülhünü yeganə ağlabatan variant edir. Etnik mifologiyanı və tarixin təhrif olunmuş şəkildə versiyalarını bir kənara qoyaraq, Ermənistan inkluziv regional inteqrasiya çərçivəsinə qoşula bilər və qoşulmalıdır. Xaricdən alqışlayan və heç vaxt Ermənistanda yaşamamağı seçən qarşıdurma ideoloqları, bəlkə də, qonşularla əbədi mübarizə aparmaq hesabına sülh ideyasını sevməyə bilərlər”.
Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur
Səfir məqaləsində qeyd edib ki, Azərbaycanın yaxın gələcəkdə Avropaya təbii qaz tədarükünü ikiqat artırmağı planlaşdırır: “Mərkəzi Asiya dövlətləri Bakı ilə əməkdaşlıq çərçivəsində Avropaya uzanan kommunikasiya dəhlizlərinə qoşulması sülhün potensial səmərəliliyini artıracaq, sülh prosesini gecikdirmək isə fürsətlərin əldən verilməsi deməkdir. Son 30 ildə Azərbaycan Qərb dövlətləri ilə təhlükəsizlik, enerji şaxələndirilməsi və regional əməkdaşlıq üzrə tərəfdaşlığa güclü diqqət yetirməklə balanslaşdırılmış müstəqil siyasət yürüdür – məsələn, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. Ermənistan isə öz növbəsində xarici asılılıqlarını durmadan dərinləşdirir. Azərbaycan və Ermənistan sülh sazişini müzakirə edərkən, bizim Qərb tərəfdaşlarımız birbaşa danışıqları və sülh sazişinə doğru irəliləyişi təşviq etməlidirlər”.
Bildirilib ki, Ermənistanın yaxın tarixində baş verənlər, bu ölkənin üzləşdiyi çətinliklər bir reallığı ortaya qoyur. Bu da ondan ibarətdir ki, qonşularla davamlı sülhə üstünlük vermək yeganə düzgün seçimdir və bu şansı əldən vermək olmaz.