Son yeniləmə: 11 Oktyabr 2022 13:59
Dr.Yücel Karauz: Beynəlxalq Türk Dünyası Simpoziumunun TDT-nin Səmərqənd zirvəsi ərəfəsində keçirilməsi bu tədbirə beynəlxalq diqqəti daha da atırıb
BAYRAQDAR MEDİA – “Erzincanda keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumuna 20-yə yaxın ölkədən 500-ə yaxın elm adamı, siyasətçi və digər sahələrin aparıcı mütəxəssisləri qatılıb. Bu simpoziumun olduqca zəngin gündəliyi var”.
Bunu BAYRAQDAR MEDİA-ya simpoziumun iştirakçısı, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, simpoziumda türk dünyasının keçmişdən bu günə qədər yaşadığı problemlər, qarşıda duran məqsəd və vəzifələr haqqında ətraflı müzakirələr aparılır: “Məruzə və çıxışlarda mövcud durum dəyərləndirilir, türk dünyasının birliyinin daha da güclü olması üçün təkliflər səsləndirilir. Bir-birindən maraqlı çıxış və təkliflər simpoziumun türk dünyasının tarixinə düşəcəyini deməyə əsas verir”.
Müsahibimiz deyib ki, bu günlər Erzincanda, bu möhtəşəm tədbirin keçirildiyi məkanda bayram əhval-ruhiyyəsi var: “Bir baxırsan ki, bir tərəfdən Azərbaycan türkü qaqauz türkü ilə mehriban söhbət edir, digər yanda qazaxla qırğız bir-birinə mehribancasına sarılıb. Dolayısı ilə sanki bir türk toyunda, türk şənliyindəyik. Hər kəsin üzündə xoş təbəssüm var. Bu gözəl mərasimin təşkilinə, türk dünyasını bir araya gətirdiyinə görə təşkilatçılara minnətdarlıq edirəm”.
Simpoziumun digər bir önəminə gəlincə, Dr. Y.Karauz deyib: “Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırımın başçılığı və Erzincan Binali Yıldırım Universitetinin ev sahibliyi ilə keçirilən bu tədbirdə TDT Baş katibi iştirak və çıxış etdi. Həmçinin, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar da tədbirdə qonaq kimi iştirak edir. O da açılışda çıxış etdi. Onu da deyim ki, istər çıxışçıların, istərsə də iştirakçıların mövqeyi budur ki, TDT-nin Səmərqənd toplantısı türk dünyası tarixində yeni bir səhifə olacaq. Çünki o toplantıda Türkmənistanın TDT-yə tamhüquqlu, KKTC-nin isə müşahidəçi üzv olması gözlənilir. Həmçinin türk dünyasının gələcəyi üçün digər mühüm qərarlar qəbul ediləcək. Bir sözlə, Beynəlxalq Türk Dünyası Simpoziumunun TDT-nin Səmərqənd zirvəsi ərəfəsində keçirilməsi bu tədbirə beynəlxalq diqqəti daha da artırıb”.