BAYRAQDAR MEDİA – “Açar” qısametrajlı bədii filmi 29 noyabr – 3 dekabr tarixində Fransada keçiriləcək, Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilib. “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “Açar” sözügedən festival çərçivəsində Fransanın Aix-en-Provence şəhərindəki kinoteatrlarda nümayiş olunacaq: “Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BEFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hisdistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edəcək”.
Məlumatda deyilir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir: “Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər”.