BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, oktyabrın 10-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Hələ Azərbaycan tərəfindən açıqlama olmadığı üçün oxucularımıza dövlət katibinin sosial media paylaşımından yararlanaraq bu xəbəri çatdırmışdıq. Eyni gündə gecə vaxtı Prezidentin Mətbuat xidməti telefon danışıqları haqqında geniş məlumat yayıb.
Məlumatda deyilir ki, E.Blinken “son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib. Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib”.
Dövlət katibi Azərbaycanın 17 erməni əsirini geri qaytarmasını da müsbət addım kimi dəyərləndirib və “ABŞ-ın sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazır olduğunu bildirib”.
O, həmçinin, “konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib”.
E.Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu da qeyd edərək İ.Əliyevə başsağlığı verib.
“Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib. Dövlətimizin başçısı, həmçinin, Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər”, – deyə xəbərdə bildirilir.
İ.Əliyev həm E.Blinken, həm də C.Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunaraq bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib: “Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3 min 900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var”.
Tərəflər iki ölkə arasında münasibətlərin inkişafı üzrə müzakirə də aparıb.