Son yeniləmə: 11 Oktyabr 2022 13:38
BAYRAQDAR MEDİA – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80 faizini təşkil edən əsas 9 təsərrüfat subyektində araşdırmalara başlanılıb. Araşdırmalar antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün aparılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma aparılan şirkətlər “Veysəloğlu” MMC, “Tamashaee Foods” MMC, “QİDA XXI” MMC, “Best-Tarım” MMC, “Babək” firması – (Babek), “Xudafərin-1” MMC, “Elsaan Group MMC”, “AL market” MMC və “Azərsun Holding” Şirkətlər Qrupuna daxil olan “Sun Food” MMC olub.
“Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.